Bank Of Baku

Bakıda beynəlxalq dəmir yolu daşımaları ilə bağlı seminar keçirilir

Bakıda beynəlxalq dəmir yolu daşımaları ilə bağlı seminar keçirilir
# 16 dekabr 2008 07:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Nəqliyyat Nazirliyi və Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatı (OTİF) tərəfindən təşkil olunmuş «Dəmir yolu nəqliyyatı sahəsində beynəlxalq Konvensiyalar, OTİF-ə üzvlük və COTİF rejimləri» mövzusunda seminar işə başlayıb. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.
İki gün davam edəcək seminarda OTİF-in baş katibi Stefan Şimminq, təşkilatın hüquq, treninq, depozitari və dəmir yolu nəqliyyatı məsələləri üzrə baş katibinin müşaviri Yeva Hammerşmidova, habelə, Beynəlxalq Dəmiryol Komitəsinin (CİT) hüquq məsələləri üzrə müşaviri Erik Yevtimov iştirak edirlər.
Seminarın məqsədi Azərbaycanın «Dəmir yolu ilə Beynəlxalq Daşımalar haqqında» Konvensiyaya (COTİF) qoşulması, Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilata (OTİF) üzv olması prosesinə köməklik göstərilməsi, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin tam gücü ilə fəaliyyətə başlaması, xüsusilə Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması və s. ibarətdir.
Qeyd edək ki, Azərbaycanın OTİF-ə üzv olmasının qanunvericilik, texniki uyğunlaşdırma, sərhəd proseduralarının sadələşdirilməsi və s. bu kimi təşkilati-hüquqi tədbirlərin təmin olunmasını nəzərdə tutan bir sıra məsələnin müzakirə olunacağı seminarda Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmir Yolunun nümayəndələri ilə yanaşı, Nazirlər Kabineti, Xarici İşlər, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri, həmçinin Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin təmsilçiləri də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR