Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrasına əlavə sərmayə tələb oluna bilər

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrasına əlavə sərmayə tələb oluna bilər
# 17 dekabr 2008 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya maliyyə böhranı nəticəsində Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu bağlantısı layihəsinin icrası dayandırılmayacaq. «APA-Economics»in məlumatına görə, bunu dekabrın 16-da Tiflisdə keçirilən BTQ dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının iclasının yekunlarına dair təşkil olunmuş mətbuat konfransında Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya bildirib.
«Layihənin Gürcüstan ərazisində icrası məqsədi ilə 2009-cu il üçün Azərbaycan hökuməti Gürcüstana 130 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Kreditin ümumi həcmi isə 200 mln. dollar təşkil edəcək», - deyə L.Jvaniya qeyd edib.
Nazir onu da bildirib ki, layihənin ümumi dəyəri 422 mln. dollar məbləğində qiymətləndirilir və bunun 202 mln. dolları Gürcüstanda aparılan işlərə, 220 mln. dolları isə Türkiyə ərazisində icra olunacaq işlərə sərf olunacaq: «Azərbaycanın Gürcüstana ayırdığı kredit 20 il ərzində qaytarılacaq. Kredit dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra əldə olunan gəlir hesabına ödəniləcək».
L.Jvaniya həmçinin qeyd edib ki, BTQ layihəsinin Əlaqələndirmə Şurasının iclasında layihənin vaxtında başa çatması üçün əlavə vəsaitin cəlb olunması məsələsi də müzakirə olunub.
Öz növbəsində, mətbuat konfransında iştirak edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov əlavə edib ki, iclasda əsasən layihələndirmə və maliyyələşdirmə məsələləri müzakirə olunaraq tərəflər arasında razılaşdırılıb: «Layihənin icrası üçün Azərbaycan tərəfindən verilən vəsait Dövlət Neft Fondundan ayrılır və əgər əlavə vəsaitə ehtiyac yaranarsa, biz bu məsələyə baxmağa hazırıq».
Bundan başqa, iclasda layihənin 2009-cu il üçün büdcəsi, görülən işlərin nəticələri və növbəti ildə həyata keçiriləcək işlər müzakirə olunub.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol yenidən qurulacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Layihə çərçivəsində Türkiyə ərazisində Qars şəhərindən Gürcüstanla sərhədədək uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR