Bank Of Baku

Hacıqabul və İmişlinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yeni qurğuların təməli qoyulub

Hacıqabul və İmişlinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yeni qurğuların təməli qoyulub
# 30 sentyabr 2011 09:34 (UTC +04:00)
Hacıqabul-İmişli. Əlibəy Zeynallı - APA. “Hacıqabul və İmişli şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində yeni qurğuların təməlqoyma mərasimləri keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, tədbirdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov da iştirak edib.

“Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 30,4 min nəfər üçün hesablanıb. Layihə çərçivəsində şəhərin su təchizatının daim özüaxımlı rejimdə olmaqla aparılması üçün relyefcə yüksək olan 2 nöqtədə 2 və 5 min kubmetr həcmində su anbarlarının inşası nəzərdə tutulur. Şəhərdə ümumi uzunluğu 110 km-ə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 103 km-ə qədər kanalizasiya şəbəkəsi yaradılacaq. Hacıqabul şəhərinin şərq hissəsində, relyefcə çökək ərazidə kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək məhsuldarlığı sutkada 6 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcək.

“İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 40 min nəfər üçün hesablanıb. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün 2 ədəd 2500 kubmetr, 2 ədəd 600 kubmetr və 1 ədəd 1500 kubmetr həcmində su anbarları və ümumi uzunluğu 180 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün ümumi uzunluğu 170 km-ə qədər kanalizasiya şəbəkəsinin yaradılması, relyefcə çökək ərazilərdə 23 ədəd kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır. Bu sular toplanaraq drenaj suları axan kollektorun yaxınlığında tikiləcək məhsuldarlığı sutkada 10 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcək.

Hər iki layihəni “Hidrolotus” podratçı şirkət həyata keçirir. Büdcə vəsaiti hesabına həyata keçirilən tikintinin müddəti 12-15 ay olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR