Bank Of Baku

“Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin Konsepsiya fazasının yekun hesabatı təqdim edilib

“Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin Konsepsiya fazasının yekun hesabatı təqdim edilib
# 04 oktyabr 2011 12:23 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində Almaniyanın KfW Bankının və GFA/GCİ Consortium məsləhətçi şirkətinin ekspertlərinin birgə iştirakı və Almaniya hökumətinin maliyyə dəstəyi ilə Gəncə və Şəkidə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin Konsepsiya fazasının yekun hesabatına dair təqdimat keçirilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Dünya Bankının, “BSB+”, “Bloom” məsləhətçi şirkətlərinin və özəl sektorun nümayəndələri də iştirak edib.

Qeyd olunub ki, Azərbaycan prezidentinin 27 iyul 2010-cu il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilib. Həmin fərmanın icrası məqsədilə bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın və torpaq sahələrinin texniki inventarlaşdırılması, daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınması və kadastrının tərtib edilərək aparılması sahəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Azərbaycan hökuməti ilə Almaniya hökuməti arasında “Maliyyə əməkdaşlığı haqqında” sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniyanın KfW Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrasına 2011-ci ilin yanvar ayından başlanıb.

Layihənin iki mərhələdə - Konsepsiya və İcra fazası mərhələlərində həyata keçirilməsi nəzərdə tutulub. İlkin mərhələ məsləhət xidmətlərinin göstərilməsindən ibarət olub. Öncə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinə beynəlxalq məsləhətçi cəlb etməklə bağlı KfW Bankı tərəfindən tender agenti təyin edilib və tender keçirilib. Tenderdə Almaniyanın GFA/GCİ Consortium məsləhətçi şirkəti qalib gəlib. Beynəlxalq məsləhətçi şirkət 2011-ci ilin yanvar ayından etibarən fəaliyyətə başlayıb. Konsepsiya fazasında layihə ərazisi üzrə hazırlıq işləri aparılıb, torpaq islahatının nəticələri sistematik çöl-ölçmələri qaydasında təhlil edilib, əmlak üzərində hüquqların qeydiyyatı üçün mükəmməl plan-ölçülər hazırlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən layihənin səmərəli icrası məqsədilə bu layihə üzrə görüləcək işlərin digər beynəlxalq layihələrlə, o cümlədən Dünya Bankı tərəfindən həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi ilə əlaqələndirilməsi istiqamətində tədbirlər görülüb.

Layihə çərçivəsində dövlət və özəl sektor arasında kadastr sahəsində əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Belə ki, kadastr məlumat bazasının yaradılması məqsədilə aparılan mərzçəkmə işləri özəl sektorla birgə həyata keçirilib. Bu məqsədlə almaniyalı ekspertlər tərəfindən yerli mütəxəssislərə bilik və bacarıqlarının artırılması üçün kadastr texnologiyaları üzrə treninqlər keçirilib. Ölçmə işlərində ən müasir geodezik cihazlardan və alətlərdən istifadə olunub. Layihə çərçivəsində kadastr ölçmələri və daşınmaz əmlaka dair hüquqi məlumatların toplanıb qaydaya salınması ilə yanaşı, pilot ərazilərdə ictimai agahlıq və əhalinin maarifləndirilməsi işləri də aparılıb.

Bütövlükdə bu layihə nəticəsində daşınmaz əmlak sahəsində dövlət idarəçiliyinin səmərəliliyinin təmin edilməsi, şəhər planlaşdırılmasının və inkişafının təkmilləşdirilməsi, torpaq sahələri və daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradılacaq. Dövlətin, özəl torpaq sahiblərinin və bələdiyyələrin əmlaka dair elektron kadastr məlumat bazası və elektron kadastr xəritələri yaradılacaqdır. Eyni zamanda, torpaq islahatı zamanı torpaq sahələri üzərində atributların formalaşması ilə bağlı yaranmış problemlər aradan qaldırılacaq. Dövlət, bələdiyyə, özəl torpaqların sərhədlərinin dəqiq müəyyən edilməsi işləri reallaşdırılacaq. Bütün bunlar isə vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq. Bunlarla yanaşı, layihə nəticəsində şəffaf və səmərəli fəaliyyət göstərən daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırması nəzərdə tutulur.

Müvəffəqiyyətlə Konsepsiya Fazası başa çatdırılmış bu layihənin ikinci fazasının (İcra Fazasının) həyata keçirilməsinə dair danışıqlara başlanılıb. Mütəxəssislərin fikrinə görə, inkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübələri əsasında həyata keçirilən bu kimi layihələrin nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, məlumatların dəqiqliyinin təmin edilməsi, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR