Bank Of Baku

Azərbaycan və Koreya arasında Əqli Mülkiyyət İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair qrant sazişi imzalanıb

Azərbaycan və Koreya arasında Əqli Mülkiyyət İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair qrant sazişi imzalanıb
# 11 oktyabr 2011 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Koreya Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) arasında Əqli Mülkiyyət İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair qrant sazişi imzalanıb.

«APA-Economics»in məlumatına görə, sazişi Azərbaycan tərəfdən SMPDK sədri Ramiz Həsənov, Koreya tərəfdən isə Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha imzalayıblar.

R.Həsənov bildirib ki, sazişə uyğun olaraq 4,2 mln. ABŞ dolları həcmində qrant vəsaiti iki il müddətinə bir neçə tranşla ayrılacaq: «Bu saziş ölkədə əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompyuterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazasının toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədini daşıyır. Bunun üçün də Koreyanın uğurlu «KİPOnet» sisteminin Azərbaycanda tətbiqi, Tədris Mərkəzinin yaradılması nəzərdə tutulur».

R.Həsənovun sözlərinə görə, qrant sazişinin əsas əhəmiyyəti Azərbaycanda əqli mülkiyyət hüquqi sisteminin davamlılığının təmin edilməsi, bu sahədə mütəxəssis hazırlamaq, zəruri texnologiyaların, bilik və bacarıqların maraqlı tərəflərə ötürülməsini təmin etmək məqsədilə SMPDK nəzdində Təlim Mərkəzinin yaradılmasından ibarətdir.

Qeyd edək ki, iki il davam edəcək layihə çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən ayrılan maliyyə vəsaiti hesabına patent sisteminin müasir kompyuter, server və digər zəruri texniki avadanlıqlarla, habelə müvafiq proqramlarla təmin olunması, kağız formatında daşıyıcılardan e-idarəetmə sisteminə keçməklə infrastrukturun müasir texnoloji tələblərə uyğunlaşdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR