Bank Of Baku

Bakıda «Mobile Monday» layihəsi çərçivəsində ilk tədbir keçirilib

Bakıda «Mobile Monday» layihəsi çərçivəsində ilk tədbir keçirilib
# 24 oktyabr 2011 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Xəzər İnvestisiya Mərkəzi (Caspian Investment Centre) və Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin təşkilatçılığı ilə «Mobile Monday» layihəsi çərçivəsində ilk tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev rabitə sektorunun Azərbaycanda aparıcı sahələrdən olduğunu bildirib və qeyd edib ki, bu sahənin ölkə iqtisadiyyatındakı payı getdikcə artacaq. E.Musayev «Mobile Monday» layihəsi barədə, o cümlədən mobil texnologiya vasitəsilə yaradılan biznes imkanlarından ətraflı məlumat verib və qeyd edib ki, Bakı «Mobile Monday» layihəsinə qoşulan sayca 123-cü şəhərdir: «Bu sahədə yaradılan biznes Azərbaycan iqtisadiyyatına müəyyən töhfə verə bilər».

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlət başçısı tərəfindən təsdiqlənən «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramından danışıb və bildirib ki, sözügedən Proqram çərçivəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, o cümlədən biznes inkubatorlarının yaradılması nəzərdə tutulub: «Hazırda ölkədə gənclərin sahibkarlıq fəaliyyətinin artırılması istiqamətində müxtəlif tədbirlər, o cümlədən layihələr, konfranslar, sərgilər və seminarlar təşkil olunur».

Öz növbəsində tədbirdə çıxış edən «Bakcell» şirkətinin baş direktoru Riçard Şirer dünyanın ən böyük kontenti internetin olduğunu bildirib və qeyd edib ki, getdikcə internet istifadəçilərinin sayı, o cümlədən mobil telefondan internetdən istifadə edənlərin sayı artır: «Hazırda dünyada təxminən 5 mlrd. insan və ya bəşəriyyətin 70%-i mobil telefon sahibidir.
İnternet istifadəçilərinin sayı isə 2 mlrd. nəfərə bərabərdir. Təkcə «Facebook» kimi sosial şəbəkədən istifadə edənlərin sayı 800 mln. nəfərdən çoxdur ki, onların da yarısı bu şəbəkədən mobil telefon vasitəsilə yararlanır. Ümumiyyətlə, gələcəkdə mobil telefon vasitəsilə internetə daxil olanların sayının artacağı gözlənilir. Belə ki, həm mobil rabitə operatorları, həm də mobil telefon istehsalçıları buna hər cür şərait yaradır».

«Mobile Monday» layihəsinə toxunan R.Şirer qeyd edib ki, bu layihə insanları bir araya gətirir və onlar arasında fikir mübadiləsinin aparılmasına imkan yaradır.

Qeyd edək ki, cari ilin may ayında Xəzər İnvestisiya Mərkəzi və «Mobile Monday» arasında lisenziya razılaşması imzalanıb. «Mobile Monday» mobil texnologiyalar əsasında biznesin yaradılmasına xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR