Bank Of Baku

Bakı-Almatı marşrutu üzrə aviauçuşların “Embraer 190” təyyarələri ilə yerinə yetirilməsinə başlanıb

Bakı-Almatı marşrutu üzrə aviauçuşların “Embraer 190” təyyarələri ilə yerinə yetirilməsinə başlanıb
# 31 oktyabr 2011 08:34 (UTC +04:00)
Bakı - APA-Economics. “Air Astana” şirkəti bu il oktyabrın 30-dan Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşları yeni “Embraer 190” reaktiv təyyarələri ilə yerinə yetirməyə başlayıb.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, yeni təyyarələrin sərnişin tutumu 97 (9 “biznes” sinif, 88 “ekonom” sinif) yer, kreyser sürəti 890 km, uçuş məsafəsi 4200 km təşkil edir.

Hazırda “Air Astana”nın aviaparkında Braziliyadan - birbaşa istehsalçı zavoddan bu ilin yazında gətirilmiş iki “Embraer 190” təyyarəsi var. Gələn il onların sayı 6-ya çatdırılacaq.

“Air Astana” şirkətinin prezidenti Piter Foster aviaparklarını sərnişinlər üçün daha rahat xarakteristikaya malik avialaynerlərlə yeniləmək strategiyasına sadiq qaldıqlarını bildirib. Onun sözlərinə görə, “Embraer 190” təyyarələrinin uçuş məsafəsi, effektivliyi və ölçüsü yaxın ölkələrə, o cümlədən Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Gürcüstana və Rusiyanın cənubuna aviareyslərin yerinə yetirilməsi üçün idealdır.

Qeyd edək ki, “Air Astana” aviaşirkəti 29 mart 2009-cu ildən Bakı-Almatı-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar yerinə yetirməyə başlayıb. Ötən il avqustun 6-dan Azərbaycan paytaxtından Almatıya uçuşlar həftədə 3 dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçirilir.

Aviaşirkətin müştərilərinə bir çox üstünlüklər əldə edə bilirlər. Azərbaycandan olan sərnişinlərin uçuş qrafiki Qazaxıstanın paytaxtı Astana şəhərinə, ölkənin digər şəhər və regionlarına, həmçinin Almatıdan Bişkek, Urumçi, Kuala-Lumpur və Seul istiqamətlərindəki reyslərlə uzlaşdırılacaq.

Bakıdan Almatıya “ekonom” sinfə aid bir istiqamətdə biletin qiyməti aeroport rüsumları və digər vergilər də daxil olmaqla 250 Azərbaycan manatı (AZN), “biznes” sinfə aid bir istiqamətdə biletin qiyməti isə 430 AZN təşkil edir. Hər iki istiqamətə biletin qiymətlərinə gəlincə, “ekonom” sinif üçün 485 AZN, “biznes” sinif üçün 850 AZN ödənilməlidir.

“Air Astana” aviaşirkətinin xidmətlərindən istifadə etmək istəyənlər biletləri “www.airastana.com” saytına daxil olmaqla, Qazaxıstandakı aviabilet satışı ofislərindən, şirkətin Bronlaşdırma və İnformasiya Bürosunun +7 (727) 2444477 saylı və Bakıdakı nümayəndəliyinə +994-12-497-49-96 saylı telefonla zəng edib əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR