«Doing Business-2012» hesabatına əsasən, Azərbaycanda bu indikatorlar üzrə ən yaxşı göstərici əmlakın qeydiyyatı sahəsindədir. Ölkəmiz bu göstəriciyə – əmlakın ötürülməsinin asanlığı və az xərc tələb etməsinə görə dünyada 9-cu pillədədir. Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedura tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2%-i qədər xərc sərf edilir. Bu, regionda ən yaxşı göstəricilərdən biridir.
Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166-dır.
«Doing Business» hesabatının şərtlərinə görə, qeydiyyatı barədə danışılan əmlak deyəndə şərti olaraq Bakıda yerlәşәn, sahəsi 557,4 kv. metr olan torpaq sahəsi üzərində 2 mərtəbəli 929 kv. metrlik anbar nəzərdə tutulur. Şərtlərə görə, anbar yaxşı vəziyyətdə olmalıdır və bütün təhlükəsizlik standartları, inşaat normaları və qanunun tələblərinə cavab verməlidir. Əmlakın dəyərinin isə adambaşına düşən gəlirin 50 mislinə, yəni 211 843 manata bərabər olması qəbul edilir. Alqı-satqı tərəfləri kimi ölkənin iqtisadi cəhətdən ən böyük biznes şəhərində fəaliyyət göstərən 100% yerli kapitallı müəssisə və sahibkar nəzərdə tutulur. Bu müəssisələrin hamısı yerli vətəndaş olmaqla 50 işçisi var.
«Doing Business-2012» hesabatına əsasən, əmlakın ötürülməsi prosesi əmlak sahibinin bu əmlak üzərində mülkiyyət hüququnun təsdiq edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən yüklülüyün olmamağı haqqında arayışın alınması ilə başlayır. Hesabata görə, bu proseduranın dəyəri 90,88 manatdır.
Bu qiymətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın alınması, satıcının mülkiyyət hüququnun yoxlanılması, daşınmaz əmlakla əlaqədar texniki sənədlər (pasport və ya planlar) və yüklülüyün olmamağı haqqında şəhadətnamənin alınması üçün tələb olunan dövlət rüsumu daxildir. Bu prosedura adi qaydada 5 gün davam edir. Lakin 100,88 məbləğində rüsum qarşılığında sürətləndirilmiş variant tətbiq olunur və 2 gün ərzində yekunlaşır.
İkinci addım alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqidir. Belə ki, 1 gün müddət tələb olunan bu prosedura üçün notariusa 110 manat möhür rüsumu ödənilir. Notariat rəsmiləşdirilməsindən sonra alıcı əmlakı qeydiyyatdan keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir. Qanunvericiliyə əsasən, Reyestr qeydiyyatı 101,10 manat məbləğində rüsum müqabilində 20 gün ərzində tamamlamalıdır. Lakin sürətləndirilmiş variantlar da mövcuddur: 14 gün – 151,65 manat, 7 gün isə 202,20 manata başa gəlir. Bundan başqa, 11 AZN məbləğində dövlət rüsumu da toplanır.
Əmlakın ötürülməsi ilə bağlı sonuncu mərhələ alıcının bina və torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması sayılır. Bu prosedura yekunlaşdıqdan sonra, yeni qanuni mülkiyyətçi (alıcı) Reyestr Xidmətindən onun mülkiyyət hüququnu təsdiq edən, onun adına verilmiş çıxarışı və daşınmaz əmlak ilə əlaqədar texniki sənədləri almalıdır. Beləliklə, əmlakın ötürülməsi sürətləndirilmiş variantlar nəzərə alınmaqla 4 prosedura, 11 gün və 424,08 manata başa gəlir. Bu, əmlakın şərti götürülmüş qiymətinin 0,2%-ni təşkil edir.
Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən verilən məlumata görə, ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam edir. Bura daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, prosesdə süni maneələrin aradan qaldırılması aiddir. «Gələcəkdə isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbulu sisteminin yaradılması nəzərdə tutulub. Bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı sistemi elektron hökumətin əhəmiyyətli bir hissəsinə çevriləcək», - deyə komitədən bildirilib.
Azərbaycan «Doing Business-2012»də
| İndikatorlar | Renkinqdə yeri |
1 | Əmlakın qeydiyyatı | 9 |
2 | Biznesə başlanğıcı | 18 |
3 | İnvestorların maraqlarının qorunması | 24 |
4 | Müqavilələrin icrası | 25 |
5 | Kreditlərin alınması | 48 |
6 | Vergilərin ödənişi | 81 |
7 | Müflisləşmə prosedurları | 95 |
8 | Xarici ticarətin aparılması | 170 |
9 | Tikinti üçün icazələrin alınması | 172 |
10 | Elektrik təchizatı şəbəkələrinə qoşulma | 173 |
Ümumi göstərici | 66 | |
Azərbaycanda əmlakın ötürülməsi proseduraları və ona tələb olunan müddət və xərclər
| Proseduranın adı | Müddət | Tamamlama xərci |
1. | Mülkiyyət hüququnun təsdiq edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən yüklülüyün olmaması haqqında arayışın alınması | 5 gün (adi qayda) | 90,88 AZN (adi qayda) |
2. | Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqi | 1 gün | 110,00 AZN |
3. | Alıcı əmlakı qeydiyyatdan keçirmək üçün dövlət reyestr xidmətinə müraciət edir | 1 gün | 101,10 AZN |
4. | Alıcının bina və torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması | 20 gün (adi qayda) | 3-cü prosedurada ödənilib |
Ümumi | 11 gün | 424,08 AZN | |
Azərbaycanda əmlakın qeydə alınmasının asanlığı
Göstərici | DB2005 | DB2006 | DB2007 | DB2008 | DB2009 | DB2010 | DB2011 | DB2012 |
Sıra |
|
|
|
|
|
| 9 | 9 |
Proseduralar (sayı) | 7 | 7 | 7 | 7 | 4 | 4 | 4 | 4 |
Vaxt (gün) | 61 | 61 | 61 | 61 | 11 | 11 | 11 | 11 |
Xərc (əmlak dəyərinin %-i) | 0,4 | 0,4 | 0,0 | 0,2 | 0,3 | 0,2 | 0,2 | 0,2 |