Bank Of Baku

Meksika Kosmik Agentliyinin baş direktoru Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Meksika Kosmik Agentliyinin baş direktoru Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
# 21 may 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ə.Abbasov nazirliyin fəaliyyəti, dövlət proqramları, habelə ölkədə həyata keçirilməkdə olan genişmiqyaslı layihələr, eyni zamanda ölkədə müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda son illər ərzində İKT sektorunda əldə olunan yüksək nəticələrdən bəhs edərək, «Trans-Avrasiya Super İnformasiya Magistralı» layihəsi, həmçinin İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.

Azərbaycanla Meksika arasında sıxlaşmaqda olan siyasi-iqtisadi əlaqələrin İKT sahəsinə də təsir edəcəyini bildirən Ə.Abbasov iki ölkə arasında mövcud olan potensialdan istifadə edərək, Azərbaycan və Meksika şirkətlərinin qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq edilməsinin zəruri olduğunu qeyd edib. Nazir bu sektor üzrə müxtəlif investisiyaların, təşəbbüslərin və bazarların genişləndirilməsinin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə həmçinin Azərbaycanın peyk layihələri, o cümlədən bu ilin sonunda orbitə buraxılması nəzərdə tutulan ilk telekommunikasiya peyki və 2013-cü ildə buraxılması planlaşdırılan aşağıorbitli zondlama peyki barədə ətraflı məlumat verən nazir bu istiqamətdə Meksika Kosmik Agentliyinin «Azərkosmos» ASC ilə əməkdaşlığının çox faydalı olacağını bildirib.

Öz növbəsində X.Mendieta da İKT sektoru, xüsusilə də kosmik sahə üzrə Azərbaycanla hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirərək, «Azərkosmos» ASC ilə bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdıracaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində Meksika Kosmik Agentliyinin nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyində, Milli Aviasiya Akademiyasında, «Azərkosmos» ASC-də görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR