Bank Of Baku

“Azərsu”: İçməli sudan ən çox qanunsuz istifadə edən restoran və şadlıq evləridir

“Azərsu”: İçməli sudan ən çox qanunsuz istifadə edən restoran və şadlıq evləridir
# 05 iyul 2012 14:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini gücləndirsə də, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

“Azərsu”nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ASC-nin Kommersiya və Daxili nəzarət departamentləri əməkdaşlarının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində təkcə iyun ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 80-ə qədər fakt aşkarlanıb. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir.

Son vaxtlar qeyri-əhali qrupu üzrə smart-kart tipli sayğacların quraşdırılması belə halların aşkarlanmasını daha da asanlaşdırır. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi-92 ünvanında fəaliyyət göstərən “Nostalji” avtoyuma obyektində sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki, təqribən 1 ay əvvəl “ALFASU” smart-kart sayğacı ilə təmin olunmuş obyekt ötən müddətdə heç bir ödəniş aparılmadan fəaliyyət göstərib. Obyektin su təchizatı sisteminə baxış keçirilərkən su xəttinə qeyri-qanuni qoşulma faktı aşkarlanıb. Məlum olub ki, obyekt 100 mm diametrli çirkab su xəttinin içi ilə çəkilmiş 20 mm diametrli su xətti ilə qidalanır. Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. “Nostalji” avtoyuma müəssisəsinin içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndirilərək abunəçi cərimə olunacaq.

“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR