Bank Of Baku

Neftçilər prospekti daha 2 ay bağlı olacaq - FOTOSESSİYA

Neftçilər prospekti daha 2 ay bağlı olacaq - <font color=red>FOTOSESSİYA</font>
# 30 iyul 2012 08:16 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, iyulun 14-dən prospektin mərkəzi hissəsində - “Azneft” dairəsi ilə Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə başlanıb. Bununla əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkətinə qeyri-müəyyən vaxtadək məhdudiyyət qoyulub və prospektə çıxışı olan bütün yollar bağlanıb.

Təmir işləri ilə yanaşı, prospekt boyunca kommunikasiya, rabitə, su və kanalizasiya xətləri də dəyişdirilir, yeni xətlər çəkilir və mövcud xətlərin yerləri dəyişdirilir. Artıq bəzi qurumlar işlərin yaxın günlərdə başa çatacağını bildirirlər. «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics”ə verilən məlumata görə, artıq prospektin Azneft meydanından Dəniz Vağzalınadək hissəsində qaz xətlərinin dəyişdirilməsi başa çatıb. Dəniz Vağzalından Yusif Səfərov küçəsinə qədər olan hissədə isə işlər avqustun 3-dək başa çatacaq.

Prospekt boyunca su və kanalizasiya xətlərinin çəkilməsi və yenilənməsi də avqustun ilk ongünlüyü ərzində başa çatmalıdır. «Azərsu» ASC-dən bildiriblər ki, Neftçilər prospektinin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadədə olan metal borulardan ibarət su və kanalizasiya xətləri polietilen borularla əvəzlənib. Hazırda prospekt boyunca 1960 metr uzunluğunda su, 250 metr uzunluğunda kanalizasiya xətti çəkilir. Prospektin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində isə yeni magistral su xətti çəkilir. 1286 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla çəkilən su xətti bu ərazidə yeni tikilmiş yaşayış binalarının içməli su təminatını yaxşılaşdıracaq.

Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev «APA-Economics»ə bildirib ki, prospekt boyunca rabitə xətlərinin yenilənməsi və yerlərinin dəyişdirilməsi işləri isə artıq başa çatıb.

Kommunikasiya və rabitə xətlərinin dəyişdirilməsindən sonra yolda təmir-tikinti və asfalt örtüyünün dəyişdirilməsi işləri aktivləşəcək. Bu işləri həyata keçirən «Azəryolservis» ASC-dən verilən məlumata görə, digər işlər başa çatandan sonra təmir-tikinti və yol örtüyünün dəyişdirilməsinin azı 2 ay davam edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Bakının bir sıra digər yollarında da təmir-tikinti işləri davam edir. Bura Zabrat yolu, Dərnəgül yolu və s. aiddir. «Azəryolservis» ASC-nin məlumatına görə, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər avqustun sonunda - sentyabrın 1-ci on günlüyündə başa çatmalıdır. Dərnəgül yolunda işlərin nə vaxt qurtaracağını isə dəqiq söyləmək mümkün deyil. ASC-dən bildirilib ki, bu yoldakı nəqliyyat qovşaqlarında işlər 2013-cü ildə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR