Bank Of Baku

«Elektron hökumət» portalında yeni bölmə yaradılıb

«Elektron hökumət» portalında yeni bölmə yaradılıb
# 03 avqust 2012 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycan Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin «Elektron hökumət» portalında yerləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının icrası ilə əlaqədar portalda xüsusi bölmə yaradılıb.

«APA-Economics»in portala istinadən verdiyi məlumata görə, hazırlanan «Normativ hüquqi aktlar» bölməsinin əsas məqsədi layihələrin razılaşdırılmağa göndərildiyi andan ictimai və ya peşəkar müzakirəyə çıxarılmasından ibarətdir. Layihənin müzakirəsində iştirak etmək istəyən şəxslər portalda tələb olunan qeydiyyatdan keçməlidir. Layihə ilə birlikdə informasiya sahibinin adı, layihənin adı, tarixi, müzakirəyə verilmə tarixi, müzakirənin son tarixinə dair məlumatlar portalda yerləşdirilib.

Bundan başqa, vətəndaşların axtarışını asanlaşdırmaq məqsədilə yuxarıda adı sadalanan bölmələr üzrə ayrı-ayrılıqda axtarış imkanı yaradılıb. Eyni zamanda «Baxış» hissəsində layihənin tam mətninə baxa və ya faylı yükləyə bilər. Həmçinin bu hissədə yerləşdirilən «Təkliflər» bölməsi vasitəsilə vətəndaşlar müzakirə edilən layihə ilə bağlı öz irad və təkliflərini lazımi informasiya sahiblərinə göndərə və onlardan cavab almaq imkanına malik olur. Bu proses dialoq rejimində qurulub. İrad və təklifləri yalnız «elektron imza» sertifikatına sahib olan vətəndaşlar göndərə bilər. «Bütün təkliflər» bölməsində isə hər bir vətəndaşın hesabında olan bütün təkliflər əks olunur.

Müzakirə müddəti bitmiş layihələr portaldan çıxarılır. Verilmiş irad və təkliflər nəzərə alınmaqla layihələr üzərində dəyişikliklər edildikdə, hazırlanmış yeni variant razılaşdırılmağa göndərildiyi andan portalda yerləşdirilir. Müzakirəsi tam başa çataraq təsdiq üçün normayaratma orqanına təqdim edilmiş layihələrlə əlaqədar yaranmış bütün məlumatlar arxivləşdirilir və siyahısı portalda saxlanılır.

Qeyd edək ki, hazırda «Elektron hökumət» portalında 22 dövlət qurumu 120 xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR