Bank Of Baku

Azərbaycanda dövlət əmlakından istifadə ilə bağlı hesabatlar elektron formada qəbul ediləcək

Azərbaycanda dövlət əmlakından istifadə ilə bağlı hesabatlar elektron formada qəbul ediləcək
# 30 avqust 2012 13:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) hüquqi və fiziki şəxslərə göstərilən elektron xidmətlərin çeşidini artırmağa hazırlaşır. ƏMDK-dən «APA-Economics»ə verilən məlumata görə, dövlət əmlakından istifadənin səmərəliliyini artırmaq üçün əmlakdan istifadənin vəziyyəti ilə bağlı dövlət qurumlarından illik xüsusi hesabatların elektron formada qəbuluna hazırlıq gedir.

Məlumatda bildirilir ki, ölkə prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanına uyğun olaraq həyata keçirilən bu yenilik nəticəsində hesabatların verilməsi prosesində şəffaflıq təmin olunacaq, ƏMDK-nin məsləhətçiləri ilə dövlət qurumlarının vəzifəli şəxsləri arasında canlı əlaqə qurulacaq. Komitədən bildirilib ki, elektron hesabatın digər üstünlüyü onun tam tərtib olunması qaydasına riayət edilməsində də özünü göstərəcək. İndiyədək poçt vasitəsilə göndərilən hesabatlar bəzən tam doldurulmurdu ki, çatışmayan məlumatların təmin edilməsi həm əlavə yazışmalara, həm də böyük vaxt itkisinə səbəb olurdu. «İndi isə hesabatlar avtomatlaşdırılmış sistem vasitəsilə qəbul ediləcək və hər hansı dövlət qurumu tərəfindən yarımçıq tərtib edilmiş hesabat sistem tərəfindən qəbul edilməyəcək, yəni hesabatın hər hansı bölməsinin tam doldurulmaması barədə sistem özü xəbərdarlıq edəcək. Nəticədə vaxt itkisi və əlavə yazışmalar aradan qalxacaq, hesabatların tam qəbuluna nail olunacaq», - deyə məlumatda qeyd edilir. Hesabatların elektron formada qəbulu sayəsində istənilən anda istənilən rayon-şəhər və ya dövlət qurumları üzrə məlumatı bilmək və istifadə etmək asanlaşacaq. Digər tərəfdən, belə hesabatlardakı göstəriciləri, ayrı-ayrı qurumlar və ya ayrı-ayrı sahələr üzrə ümumiləşdirmək və təhlil etmək sadələşəcək.

Qeyd edək ki, Komitə il ərzində 6 500-ə yaxın hesabat qəbul edir. Onların alınıb yoxlanması, təhlili və s. böyük iş tələb edir. Yeni proqram qurulandan sonra bu iş avtomatlaşacaq, böyük həcmdə yazışmaların qarşısı alınacaq. İstənilən dövlət qurumu və ya müəssisəsində dövlət əmlakının hərəkətini izləmək mümkün olacaq. Bu da dövlət əmlakının istifadəsində nəzarəti və bu sahədə səmərəliliyi artırmağa imkan verəcək.

Hazırda bu sistemin tətbiqi üzrə işlərə başlanılıb. Sistemin iş reqlamenti, texniki-iqtisadi əsaslandırılması, dövlət müəssisələri ilə bağlanacaq müqavilənin forması, eləcə də bu işin təşkili üçün maliyyə vəsaiti barədə məlumat, alınması zəruri olan avadanlıqları siyahısı hazırlanaraq təqdim olunub, indi texniki məsələlər həll olunur. Növbəti hesabat müddətinə bu sistemin işə hazır olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR