Bank Of Baku

Vergilər Nazirliyi ikitərəfli SMS xidmətini istifadəyə verib

Vergilər Nazirliyi ikitərəfli SMS xidmətini istifadəyə verib
# 30 avqust 2012 14:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Vergilər Nazirliyi vergi ödəyicilərinin məlumatlandırılması və onların vergi öhdəliklərinə könüllü əməl edilməsi səviyyəsini yüksəltmək məqsədilə “İkitərəfli SMS xidməti”ni tətbiq edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət vasitəsilə vergi ödəyiciləri vergi orqanının qanuni tələbləri və vergi öhdəlikləri barədə mütəmadi olaraq məlumat ala biləcəklər.

Bunun üçün mobil telefonda *195*istifadəçi kodu*şifrə# yığılmaqla YES düyməsi sıxılır. Buradakı istifadəçi kodu və şifrə vergi orqanı tərəfindən vergi ödəyicisinə təqdim edilmiş istifadəçi kodu və şifrə ilə eynidir. Məsələn, *195*00000541*121756#YES.

Nömrənin qeydiyyatdan keçirilməsi barədə müvafiq mesaj telefona gəldikdən sonra vergi ödəyicisi abunə olmaqla və ya sorğu göndərməklə, yaxud hər ikisini seçməklə xidmətdən yararlana bilər.

Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən start yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir. Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə də qeydiyyatdan keçirilə bilər. Abunə olmuş vergi ödəyicisinə büdcəyə ödəniş edildikdə, onun büdcəyə borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, təqdim edilməli bəyannamələr olduqda, fəaliyyəti dayandırıldıqda və ya aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə, cari vergi ödəmələri hesablandıqda, ləğv bəyannamələri göndərməli olduqda müvafiq məzmunlu SMS-lər göndərilir.

Qeydiyyatdan keçirilmiş nömrə vasitəsilə 8195 nömrəsinə 1 yazıb SMS göndərməklə dövlət büdcəsinə olan borc, 2 yazıb SMS göndərməklə təqdim edilməli bəyannamələr, 3 yazıb SMS göndərməklə isə fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə məlumat almaq olar.

Hələlik “İkitərəfli SMS xidməti”ndən yalnız «Azercell» abonentləri yararlana bilərlər. Gələcəkdə bu xidmətdən digər mobil operator abonentlərinin də istifadə etmələri də nəzərdə tutulur.

Bu xidmət üzrə göndərilmiş hər sorğuya görə abonentin nömrəsinin balansından 0,1 manat, xidmətdən abunə olaraq yararlanmaq istəyən abonentin nömrəsinin balansından isə ayda 1,18 manat abunə haqqı tutulur.

Xidmətdən istifadə qaydaları barədə daha ətraflı məlumatı Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə (195 nömrəsinə) müraciət etməklə əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR