Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti rəqəmsal məhsullar portfelini növbəti dəfə zənginləşdirir və xarici dilləri öyrənmək, dil biliklərini inkişaf etdirmək istəyən abunəçiləri üçün “Busuu” tətbiqini təqdim edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, xarici dil öyrənmək üçün dünyanın 10 ən yaxşı mobil tətbiqi sırasında yer alan “Busuu”nun hazırda 90 milyondan artıq istifadəçisi var.
“Busuu” virtual xarici dil müəllimi olaraq, eyni anda 12 dil (ingilis, rus, italyan, alman, fransız, ispan, portuqal, Çin, yapon, türk, ərəb və polyak) öyrənmək, xüsusi proqramla hazırlanmış qrammatika, yazı, dinləmə və danışıq məşqlərinə qatılmaq, “Busuu” sosial şəbəkəsində yeni dostlar qazanıb, onlarla ünsiyyət quraraq dil biliklərini genişləndirmək və beynəlxalq “McGraw-Hill” sertifikatını əldə etmək imkanlarını bir arada cəmləyir. Xidmətin daha bir üstünlüyü də odur ki, qeydiyyatdan keçdikdən sonra hər bir tələbənin bilik səviyyəsi yoxlanır və o müvafiq dərs qrupuna təyin edilir.
“iOS” və “Android” əməliyyat sistemlərində çalışan “Busuu” tətbiqini “App Store” və ya “Play Store”dan yüklədikdən sonra, 0,2 manat ödəməklə günlük paketi və ya 3 manat ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Xidmətə qoşulma qaydası: günlük paketə abunə olmaq üçün smartfonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes komandasının yığılması kifayətdir.