Mingəçevir Yüksək Texnologiya Parkında yığılan “Acer” stolüstü kompüterləri Gürcüstana və Özbəkistana ixrac olunacaq. Bunu “APA-Economics”ə “H-Tech İnvest” şirkətinin (Mingəçevir YTP-nin rezidenti) icraçı direktoru Səid Quliyev deyib.
Onun sözlərinə görə, pilot olaraq Gürcüstana 100 ədəd kompüter artıq yola salınıb.
“Hazırda biz istehsal etdiyimiz kompüterləri Özbəkistan bazarına da ixrac etmək niyyətindəyik. Bir məqam var ki, Özbəkistan qanunvericiliyə görə, bir kompüter dəstinə, yəni bir bağlamada olan sistem bloku və monitorun idxalına ayrı-ayrılıqda idxal edildiyindən fərqli olaraq gömrük rüsumu tutulmur. Ona görə pilot olaraq yaxın 2 ay ərzində 100 kompüter dəstini bu ölkəyə ixrac ediləcək”, - deyə S. Quliyev qeyd edib.