Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) ərazisində tikiləcək avtomobil akkumulyatorlarının istehsalı zavodunun tikintisinə 30 mln. manatadək investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Bunu “APA-Economics”ə YTP-nin direktoru Nazim Şükürov deyib.
Onun sözlərinə görə, zavodunun tikintisi ilə bağlı rəsmiləşdirmə işləri başa çatmaq üzrədir.
“Hazırda ekoloji pasportun hazırlanması üzrə işləri aparılır. Bu sənəd hazır olduqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq. Nazirlik tərəfindən müsbət rəy verildiyi təqdirdə sənədlər lisenziya almaq məqsədilə İqtisadiyyat Nazirliyinə təqdim ediləcək”, - deyə N. Şükürov qeyd edib.
YTP-nin rəhbəri həmçinin əlavə edib ki, Azərbaycana il ərzində təqribən 1,6 mln. ədəd akkumulyator idxal olunur. Bu məhsulun yerli istehsalın təşkili ölkədən valyuta sərvətlərinin çıxarılmasının qarşısını alacaq.
“Layihənin icrası yeni iş yerləri açılmasına imkan yaradacaq. Zavod eyni zamanda mövcud olan akkumulyatorların utilizasiyası ilə də məşğul olacaq ki, onlar təkrarən istehsala yönəldiləcək”, - deyə N. Şükürov qeyd edib.