İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 90 tam təmirli mənzil təqdim edəcək.
“APA-Economics” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Mənzillərdən 31-i Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, 31-i Sumqayıt şəhəri, Sülh prospektində, 28-i isə Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış komplekslərindədir.
Təqdim edilən mənzillər 1, 2 və 3 otaqlıdır. Aylıq ödənişlər 445 manatdan başlayır.
Yeni mənzillər dekabrın 1-də saat 15:00-dan etibarən seçimə təqdim olunacaq.
Müraciətlərin qəbulu və mənzillərin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.
Qeyd edək ki, imtinalar nəticəsində yenidən boşalan mənzillər hər iş günü saat 11:00-dan etibarən elektron sistem vasitəsilə seçimə təqdim olunur.