Bank Of Baku

ADY yük əməliyyatlarının rəqəmsallaşdırılmasında ciddi irəliləyişlər əldə edib - MÜSAHİBƏ

Azərbaycan Dəmir Yollarının Yük daşımaları departamentinin rəisi Samir Həziyev

© APA | Azərbaycan Dəmir Yollarının Yük daşımaları departamentinin rəisi Samir Həziyev

# 24 noyabr 2026 10:00 (UTC +04:00)

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanda dəmir yolu infrastrukturunun yenilənməsi, yük daşımalarında rəqəmsal həllərin tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası istiqamətində mühüm işlər görülür, layihələr həyata keçirilir. Ölkəmizin yükdaşıma potensialından tam istifadə olunması, ixrac və tranzit rejimdə həyata keçirilən yük daşımalarında yeni hədəflərin müəyyənləşdirilməsi günümüzün aktual mövzularındadır.

Azərbaycan Dəmir Yolları (ADY) artıq sadəcə qonşu ölkələrə deyil, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən bir çox ölkələrə, Şərqdən Qərbə, Şimaldan Cənuba yüklərin çatdırılmasında yaxından iştirak edir, Azərbaycanın tranzit daşımalardakı mövqeyinin güclənməsinə töhfəsini verir.

Dəmir yolu ilə yük daşımalarındakı yeniliklər, qoyulmuş hədəflər və son illərdə əldə olunan nailiyyətlərlə bağlı "APA-Economics"in suallarını AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yollarının Yük daşımaları departamentinin rəisi Samir Həziyev cavablandırıb.

- Samir müəllim, son illər dəmir yolu ilə daşımaların əhəmiyyəti və həcmi artıb. Bu mənada, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən əsas tranzit mərkəzlərindən biridir. Bununla yanaşı, Cənub-Qərb, Şimal-Qərb kimi marşrutların inkişafı üçün də geniş imkanlar mövcuddur.

Bu gün əsas məqsədimiz regionda artan yük tələbatını vaxtında və tam həcmdə qarşılamaqdır. Regionda Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinə maraq artır və biz gələcək artımı qarşılamağa hazırlaşırıq. Azərbaycan Dəmir Yolları infrastrukturunu və daşıma imkanlarını məhz bu məqsədə uyğun şəkildə inkişaf etdirir.

Onu da qeyd edim ki, son illərdə əsas artım tranzit daşımalar üzrə müşahidə olunur. Belə ki, yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib, bu da illik müqayisədə 20 faiz artım deməkdir. Oktyabrda isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz yüksəkdir.

Yük daşımalarından danışarkən, xüsusilə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsini qeyd etmək lazımdır. ADY tərəfindən BTQ xəttinin illik buraxılış qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması istiqamətində mühüm addımlar atıldı. Bu il iyunun 2-də layihə modernləşdirmədən sonra tam istismara verildi və xətt 5 milyon tonluq gücü ilə fəaliyyətə başladı. BTQ layihəsinin əsas əhəmiyyəti onun Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olmasıdır. Əgər əvvəllər Şərq-Qərb dəhlizi ilə yükləri yalnız Gürcüstanın Poti və Batumi limanları vasitəsilə Qara dənizə, oradan isə Avropaya yönəldə bilirdiksə, BTQ Qərb ölkələrinə, birbaşa Türkiyəyə, Avropanın cənubuna və Aralıq dənizinin şimal limanlarına çıxış imkanı yaradır.

İllik 5 milyon tonluq buraxılış qabiliyyəti bu xəttə böyük həcmdə yüklərin cəlb edilməsi üçün geniş imkan deməkdir. Gürcüstanın Axalkalaki logistika kompleksində həm konteyner aşırılması üçün lazımi infrastruktur, həm də təkər cütlərinin dəyişdirilməsi sexləri mövcuddur.

- Artan yük axınları fonunda infrastrukturun inkişafı və hərəkət tərkibi parkının yenilənməsi istiqamətində hansı işlər görülür?

- Yükdaşımaların səmərəli təşkili üçün həm infrastrukturun, həm də hərəkət vasitələrinin təkmilləşdirilməsi vacibdir. Bu istiqamətdə lokomotiv parkının yenilənməsi, vaqon parkının genişləndirilməsi və sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması üzrə mühüm layihələr həyata keçirilir.

Son illərdə dövlət sərhəd zonalarında yerləşən Yalama və Böyük Kəsik stansiyalarında genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Məqsəd gömrük, sərhəd və texniki baxış prosedurlarının daha operativ həyata keçirilməsi, qatarların emal müddətinin azaldılması və sərhəd keçidlərinin buraxılış qabiliyyətinin artırılmasıdır. Məsələn, Yalama stansiyasında həyata keçirilən tədbirlər nəticəsində qatarların emal müddəti 4,5 saatdan 3,5 saata endirilib. Bu isə stansiyanın buraxılış imkanlarının əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.

Böyük Kəsik stansiyasında da ərazinin çəpərlənməsi, videomüşahidə sistemlərinin quraşdırılması və digər qəbul təhvil proseslərinin optimallaşdırılması kimi tədbirlər nəticəsində qatarların emal müddəti azaldılıb və keçid prosesləri sürətləndirilib.

Hazırda ADY-nin vaqon parkına istismarda olan 4200-dən çox vaqon daxildir. Son dövrdə yük parkımızın gücləndirilməsi istiqamətində ciddi işlər görülüb. Keçən il daxili investisiya hesabına 200 yarımvaqon və 100 platforma-vaqon alınaraq istismara verilib. Növbəti il daha 250 vaqonun alışı üçün işlər davam etdirilir.

Eyni zamanda, ADY-nin balansında müasir elektrik və dizel lokomotivləri mövcuddur. Ötən il Çin istehsalı olan 7 yeni magistral lokomotivin alınması ilə bağlı müqavilə imzalanmışdı. Həmin lokomotivlər bu il parkımıza daxil edildi. Növbəti il daha 250 vaqonun alışı üçün işlər aparılır.

Bu magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir, ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir.

Azərbaycan Dəmir Yolları lokomotiv parkının yenilənməsi, hərəkət tərkiblərinin texniki imkanlarının artırılması və artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi istiqamətində işləri davam etdirir.

- Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılmasında Bakı Limanı ilə dəmir yolu əməliyyatlarının inteqrasiyası hansı rol oynayır və bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

- Bakı Beynəlxalq Dəniz Limanı və Baş Ələt stansiyasında bir sıra mühüm layihələr həyata keçirilir. Liman ərazisində qəbul-göndərmə yollarının sayı 11-dən 15-ə çatdırılıb. Nəticədə bu gün sutka ərzində 760 vaqon/68 400 ton yük qəbul edilərək yola salınır. Əvvəllər bu göstərici 600 vaqon/54 min ton idi. Beləliklə, yük emalı və qatarların formalaşdırılması imkanları genişlənib.

Bundan əlavə, Baş Ələt stansiyasında irimiqyaslı yenidənqurma layihəsi icra olunur. Burada dəmiryol xətləri, kontakt şəbəkəsi və işarəvermə sistemləri tamamilə yenilənir.

Layihənin mühüm hissələrindən biri də limandan qərb istiqamətində Baş Ələt stansiyasına daxil olmadan birbaşa çıxışı təmin edəcək yeni dəmir yolu əlaqəsinin yaradılmasıdır. Bu həll yük qatarlarının hərəkət vaxtını bir neçə saat azaltmağa imkan verəcək.

- Dəmir yolu dəhlizləri üzrə yükdaşımaların inkişafı və səmərəliliyinin artırılması istiqamətində hansı işlər görülür? Yenidən qurulan dəmir yolu xətləri yükdaşıma imkanlarının genişləndirilməsinə necə təsir göstərəcək?

- Şimal-Cənub dəhlizinin mühüm seqmentlərindən olan Ələt–Osmanlı–Astara xəttində yenidənqurma işləri davam etdirilir. Layihənin Ələt–Osmanlı hissəsi üzrə tikinti işlərinin 60 faizi başa çatıb.

Bu layihələrin tamamlanması nəticəsində qatarların sürəti bəzi sahələrdə 40 km/saatdan 80 km/saata qədər artırılacaq ki, bu da dəhlizin buraxılış qabiliyyətinə və yük çatdırılma müddətlərinə müsbət təsir göstərəcək.

Strategiyamızın əsas istiqamətlərindən biri dəmir yolu şəbəkəsinin mərhələli şəkildə dəyişən cərəyan sisteminə keçirilməsidir. Buna misal olaraq Bakı–Böyük Kəsik dəmir yolu xəttinin mərhələli şəkildə dəyişən cərəyan keçirilməsini göstərmək olar. Artıq Böyük Kəsikdən Hacıqabul sahəsinədək dəyişən cərəyan sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb. Növbəti mərhələdə Hacıqabul–Bakı sahəsinin dəyişən cərəyana keçirilməsi üzrə işlər görüləcək. Dəyişən cərəyana keçid enerji səmərəliliyini artırmaqla yanaşı, qatarların sürətinin artırılmasına imkan yaradır və istismar xərclərini azaldır.

Yenilənən xətlərdən danışarkən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dəmir yolu layihələrinə də toxunmaq istərdim. Belə ki, Yevlax–Bərdə xəttində təmir-bərpa işləri aparılır, Ağdam–Xankəndi dəmir yolu xətti isə yenidən qurulur.

Bundan başqa, Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası kimi strateji ərazilərə dəmir yolu bağlantılarının yaradılması üzrə layihələr həyata keçirilir. Bu, gələcəkdə həmin bölgələrdə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq.

- Samir müəllim, qonşu ölkələrlə əməliyyatların optimallaşdırılması istiqamətində hansı işlər görülür və planda nələr var? Bu il ərzində hansı yenilikləri görə bilərik?

- Hazırda birbaşa dəmir yolu xətti ilə bağlandığımız qonşu dövlətlər Rusiya və Gürcüstandır. Onlarla əməliyyatların icrasını sürətləndirmək üçün həm qısamüddətli, həm də uzunmüddətli planda bir çox məsələləri müzakirə edirik. Məsələn, qatarlar Rusiyanın Dərbənd stansiyasından Azərbaycanın Yalama stansiyasına yola düşməzdən əvvəl qatar məlumatlarının tam elektron formada qəbulunu, qatarlar gəlmədən öncə bu məlumatların təhlilini və emalını həyata keçiririk. Biz tərəfdaşlarımızla daimi əlaqədəyik. Yüklər sərhədə çatmamışdan əvvəl aylıq planlaşdırma hər iki ölkənin dəmir yolları tərəfindən razılaşdırılır. Sərhəddən keçəcək bütün yüklər öncədən planlaşdırılır və ayın dekadaları üzrə qəbul edilir.

Beynəlxalq səviyyədə Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının artırılması üzrə Rusiya Dəmir Yolları ilə danışıqlar aparılır. Söhbət 2028–2029-cu illərdə bu dəhliz vasitəsilə illik 5 milyon ton yükün daşınmasını təmin etmək və həmin yükləri cənub istiqamətinə – İran, İraq və Fars körfəzinə qədər çatdırmaqdan gedir. Hazırda həmin istiqamətdə təxminən 1 milyon tona yaxın yük daşıdığımızı nəzərə alsaq, bu, kifayət qədər böyük hədəfdir.

Şərq-Qərb dəhlizində bu yöndə əsas rolu Qazaxıstan oynayır. Qazaxıstan Dəmir Yolları Azərbaycan ərazisindən keçəcək yüklərin ilkin məlumatlarını “Control Tower” layihəsi çərçivəsində bizim sistemə ötürür. Bu proqram təminatı və platformalar sayəsində hansı tarixdə hansı növ vaqonların və qatarların gələcəyini öncədən görür və əməliyyatlara tam hazır oluruq. Həmin məlumatlara Gürcüstan Dəmir Yollarının da çıxışı mövcuddur.

Xəzər dənizi üzərindən bərə daşımalarına gəlincə, bu il bərə ilə daşınan yüklərin həcmində ciddi artım qeydə alınıb. Bu daşımalar Ələt–Türkmənbaşı və Ələt–Kurık (Qazaxıstan), eləcə də əks istiqamətlərdə icra olunur. Xəzərdəki logistik keçiricilik olduqca mühüm məsələdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

Terminalda da yükaşırma göstəriciləri üzrə ən yüksək nəticələr əldə edilib. Cari ilin yanvar-oktyabr aylarında terminalda 753 614 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artım deməkdir. Oktyabrda isə terminalda 122 216 ton yük aşırılaraq aylıq ən yüksək nəticə müəyyən edilib və bu göstərici 2025-ci ilin oktyabr ayına nisbətən 65 faiz çoxdur.

Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.

- Rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlərə də toxunmaq istərdik. Məsələn, son dövrlər ADY-də “Cargo Tracking” sistemi istifadəyə verilib. Müştərilər öz yüklərini rahatlıqla izləyə bilirlərmi, geri dönüşlər və rəylər necədir?

- ADY-də rəqəmsal həllərin tətbiqi və inkişafı hər zaman diqqət mərkəzindədir və bu sahədə kifayət qədər ciddi irəliləyişlər əldə olunub. Hazırda tətbiq etdiyimiz rəqəmsal platformalar yük göndərənlərə və yük qəbul edənlərə stansiyalara gəlmədən, tamamilə kağızsız sənədləşmə vasitəsilə yük sifarişlərini rəsmiləşdirmək imkanı yaradır.

Müştərilərimiz “ADY Smart” platformasındakı şəxsi kabinetləri vasitəsilə bütün logistik əməliyyatlarını asanlıqla idarə edir, sorğularını göndərir, eləcə də sorğulara edilən dəyişiklikləri və cavabları onlayn rejimdə izləyə bilirlər. “Cargo Tracking” sisteminin istifadəyə verilməsi isə müştəri məmnuniyyətini daha da artırıb. Bu sistem sayəsində sahibkarlar nəinki Azərbaycan ərazisində, həmçinin xarici ölkələrin dəmir yolu şəbəkələrində hərəkət edən özlərinə məxsus vaqonların və yüklərin cari yerini və statusunu addım-addım izləyə bilirlər. Bu şəffaflıq müştərilərimizə yüklərin çatdırılma vaxtını dəqiq hesablamağa və öz tərəfdaşlarını öncədən məlumatlandırmağa şərait yaradır.

Hazırda Şərq-Qərb dəhlizi boyunca yerləşən əsas ölkələr üzrə bu izləmə geniş şəkildə mümkündür. Faktiki olaraq, müştərilərimiz Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində hərəkət edən vaqon və yüklərini tam onlayn rejimdə izləyə bilirlər. Rusiya Dəmir Yolları ilə də analoji məlumat mübadiləsinin təşkili və sistemin inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Qarşımıza daha böyük bir məqsəd qoymuşuq ki, operativ idarəetmədə süni zəka imkanlarından istifadə edək. Məsələn, yük əməliyyatları, qatarların emalı və hərəkətin idarə edilməsi (dispetçer əməliyyatları) zamanı masada o qədər fərqli variasiya və kombinasiyalar olur ki, onların içindən ən səmərəli və ən sürətli həlli seçmək üçün süni intellekt alqoritmlərindən istifadə etməyi planlaşdırırıq. Bu texnologiyanı həm ümumi dəmir yolu şəbəkəsində qatarların hərəkət qrafiklərinin optimallaşdırılmasında, həm də mürəkkəb stansiyalarımızda, xüsusən də mühüm multimodal qovşağımız olan Baş Ələt stansiyasında tətbiq etməyin yollarını araşdırırıq.

Hazırda yeni bir rəqəmsal həlli tətbiq etməkdəyik. Yük və kommersiya işlərinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə xarici tərəfdaş şirkətlərdən biri ilə müqavilə imzalanıb. Sözügedən proqram təminatının hazırlanması prosesi artıq tamamlanıb və pilot layihə olaraq məhz aidiyyəti stansiyalarımızda sınaq fəaliyyətinə başlanılıb.

- Qeyd etdiyiniz bu yeni həllin müştərilərin sorğularını icra etdiyi mövcud “ADY Smart” platformasından fərqi nədir? Yeni sistemi digərindən üstün edən əsas cəhətlər hansılardır?

- Yeni rəqəmsal platforma müasir tələblərə tam cavab verməklə yanaşı, bütün tədarük və daşıma zəncirini, yəni dəmir yolu daşımalarının kommersiya tərəfini bütövlükdə icra və müşahidə etməyə imkan yaradır. Qısası, bu sistem daha müasir, daha dərin, genişmiqyaslı və şaxəlidir. Sistem tam hazır olduqdan sonra pilot mərhələsindən rəsmi və uğurlu icraya keçid dövründə hər iki platforma bir müddət paralel şəkildə fəaliyyət göstərəcək. Daha sonra isə köhnə sistemin tamamilə qüvvədən düşməsi və yeni platformaya inteqrasiya olunması gözlənilir.

Artıq pilot layihə olaraq bu sistemin Biləcəri deposunda, eləcə də həmin deponun Hacıqabul, Şabran və Yalama dövriyyə məntəqələrində icrasına başlanılıb. Sözügedən proqram təminatı lokomotivlərin yük və qatar əməliyyatlarına cəlb edilməsindən, briqadaların iş qrafikinin planlaşdırılmasından tutmuş, qatar əməliyyatlarının tamamlanması və lokomotivin yenidən depoya qayıtmasına qədər olan bütün mərhələləri əhatə edir. Bu vahid platforma həm icra prosesini asanlaşdıracaq, həm də lokomotivlərin idarə edilməsi zamanı ortaya çıxan çətinlikləri, bütün kəmiyyət və keyfiyyət göstəricilərini bir mərkəzdə toplayacaq. Həmin məlumatlar emal və təhlil edilərək işin gələcəkdə daha səmərəli qurulması üçün strateji addımların atılmasına şərait yaradacaq.

Bütün bu layihə və təşəbbüslər Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyinin gücləndirilməsinə, yükdaşıma potensialının artırılmasına və logistika xidmətlərinin daha səmərəli təşkilinə xidmət edir. ADY infrastrukturun modernləşdirilməsi, hərəkət tərkibinin yenilənməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi yeni marşrutların inkişafı və yük axınlarının artırılması üçün əlavə imkanlar yaradır. Bu addımlar Azərbaycanın tranzit və logistika mərkəzi kimi potensialının reallaşdırılmasına və ölkənin regional nəqliyyat əlaqələrinin inkişafına töhfə verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR