Azərbaycanda sel və daşqın təhlükəli çaylarda sahil-mühafizə tədbirləri aparılacaq.
APA-nın məlumatına görə, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 5 iyun – Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqaləsində yazıb.
Ə. Əhmədzadə qeyd edib ki, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə məqsədi ilə Samur-Abşeron və Xanarx kanallarının Qudyalçay, Qusarçay, Vəlvələçay çayları ilə kəsişmələrindəki qurğularda və Vəlvələçay çayından sugötürücü qurğuda yaranmış qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə tikinti işləri başa çatdırılıb. Eyni zamanda, respublikanın Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki,
Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 pm mühafizə divarlarının tikintisi işləri aparılıb. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri nəzərə çatdırıb ki, respublikanın sel və daşqın təhlükəli çaylarının zərərli təsirlərinin qarşısının alınması məqsədi ilə Göyçay, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Ağsu, Gədəbəy, Astara və Lənkəran rayonlarında sahil-mühafizə tədbirlərinin aparılması nəzərdə tutulub.