Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların həcmi 2% artıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların həcmi 2% artıb
# 19 iyun 2019 18:37 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 90,5 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2% artım müşahidə olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 2,8%-i dəniz, 6,5%-i dəmir yolu, 0,1%-i hava, 62,8%-i avtomobil nəqliyyatı, 27,8%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 2,5% artaraq, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 81,1% təşkil edib. 2019-cu ilin yanvar-may aylarında nəqliyyatçılar 791,1 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,3%-i avtomobil, 12,5%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-may ayları ərzində 5,8 milyon ton yük, 1,3 milyon sərnişin daşınıb. 2018ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,7%, sərnişin daşınmasında isə 21% artım müşahidə olunub. Orta hesabla sutkada 277 vaqon yüklənən, 392 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,8 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə 2019-cu ilin yanvar-may aylarında daşınan yüklərin həcmi 2564,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,6% azalıb. Yüklərin 32,8%-i neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 3354,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3067,6 min tonunu və ya 91,4%-i tranzit yüklər təşkil edib.  2019-cu il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 99,4 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 18,3% artaraq 7,1 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 56,9 milyon ton yük, 690,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4% və 1,8% artım qeydə alınıb. Sərnişinlərin 95,9%-i avtobus, 4,1%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,4%, sərnişin dövriyyəsi isə 1,9% artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 0,9% azalaraq 98,6 milyon nəfər olub. Hava nəqliyyatı ilə 856,2 min və ya 3,4% çox sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 9,9% azalaraq 79,9 min ton olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR