Bank Of Baku

Bakı metrosunda yeni ventilyatorlar istismara verilib

Bakı metrosunda yeni ventilyatorlar istismara verilib
# 04 iyun 2019 16:56 (UTC +04:00)

"Bakı Metropoliteni" QSC Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunaraq Bakıya gətirilən 7 yeni güclü ventilyatordan ikisi “Qara Qarayev” və Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarında istismara verilib.

QSC-dən APA-ya verilən məlumata görə,  metropoliteninin stansiya və tunellərindəki istismar müddəti başa çatmış ventilyasiya sisteminin daha məhsuldar və səmərəli avadanlıqlarla əvəz edilməsi məqsədilə ötən il dünyanın aparıcı şirkətlərinin istehsalı olan məhsullarının monitorinqi aparılıb. Yekun nəticə kimi, metropolitenin bütün tələblərinə uyğun gələn ən optimal variant – Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodunun məhsulları seçilərək, müqavilə imzalanıb.

İstehsal prosesindən sonra güclü ventilyatorların zavod şəraitində sınağı keçirilib.

Yeni ventilyatorun iş rejimini axından sovurmaya və əksinə 20 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından əhəmiyyət kəsb edir.

"Bakı Metropoliteni” QSC-nin texniki tapşırığına əsasən, ventilyatorun idarəetmə sistemləri istehsalçı müəssisə tərəfindən “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Həmçinin relelər, avtomat açarlar və digər cihazları normal temperatur rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla, eyni zamanda avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib.

“Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında quraşdırılmış “VOM 24R” tipli ventilyatorların elektrik mühərrikinin gücü 75 kVt-dır. Yeni ventilyatorlar istismardan çıxarılmış avadanlıqlarla müqayisədə tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Müqayisə üçün qeyd edək ki, əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 70 m3/saniyədir.

Qeyd edək ki, “Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında eyni parametrli daha iki havalandırma qurğusunun quraşdırılması məqsədilə hazırlıq işlərinə başlanılıb.

Digər 3 ventilyator “Nizami” və "Nəriman Nərimanov-Ulduz" stansiya və mənzil tunellərində quraşdırılacaq. “VOM 20” tipli bu qurğuların elektrik mühərrikinin gücü 55 kVt-dır.

Cari ildə QSC stansiya və tunellərin təbii havalandırılması istiqamətində yeni layihənin həyata keçirilməsinə başlayacaq. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı metropolitenində tətbiq imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bununla bağlı ilk əhəmiyyətli addımlar da atılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR