Türkiyənin “TTM Telekom Makine Madencilik Sanayi ve Ticaret limited” şirkəti Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom) 3 min ədəd LTE avadanlıqları və 3 min ədəd U-Sim kartları tədarük edəcək.
“APA-Economics”in “Baktelecom”a istinadən verdiyi məlumata görə, tərəflər arasında 345,6 min ABŞ dolları (təxminən 588 min manat) dəyərində 3 iyun 2019-cu il tarixli satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, rabitə operatoru tərəfindən Bakı ətrafı ərazilərə LTE şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi işləri aparılır. Hazırda bu şəbəkə paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərini əhatə edir. Yaxın vaxtlarda Bakının Müşfiq, Lökbatan, 20-ci sahə, 8-ci Kilometr əraziləri, həmçinin Ukrayna dairəsi ətrafındakı ərazilər xidmətinin əhatə dairəsinə daxil ediləcək. Layihə çərçivəsində baza stansiyalarının sayı artırılaraq ilin sonunadək 30 minlik infrastruktur abunəçilərin istifadəsinə təqdim olunacaq.