Bank Of Baku

Güzəştli mənzillərin seçimi daha da asanlaşıb

Güzəştli mənzillərin seçimi daha da asanlaşıb
# 20 avqust 2026 12:32 (UTC +04:00)

Vətəndaşların məmnunluğunun artırılması və “Güzəştli mənzil” sistemindən istifadənin daha əlçatan olması Mənzil İnşaatı Dövlət Agentliyinin əsas prioritetlərindən biridir. Bu məqsədlə “Güzəştli mənzil” sisteminin funksionallığının artırılması, istifadəçilər üçün daha rahat, təhlükəsiz və bərabər seçim prosesinin yaradılması istiqamətində Agentlik tərəfindən müntəzəm olaraq müvafiq təkmilləşdirmə işləri davam etdirilir.

APA-Economics” xəbər verir ki, bu barədə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov “Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklər mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, aparılan son təkmilləşdirmədən sonra “Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişikliklər edilib.

Güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən, elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzilin digər şəxslər tərəfindən seçilməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Buna uyğun olaraq, satış günü “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq “ünvan üzrə” seçim üsulu aktiv olacaq.

Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində “Mənzillər” bölməsi (“04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər”) vasitəsilə dəqiqləşdirərək seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər.

Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alırlar.

Daha sonra ardıcıl olaraq “xəritə üzərində” və “parametrlər üzrə” axtarış üsulları aktivləşəcək.

“Güzəştli mənzil” sistemində vətəndaşların mənzil seçimini daha rahat və operativ həyata keçirməsinə imkan verən bir sıra yeniliklər tətbiq edilib.

Xəritə üzərində seçim zamanı vətəndaş yalnız axtarış etdiyi binada, seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumat əldə edə biləcək. Parametrlər üzrə axtarış zamanı isə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görmək mümkün olacaq.

Bundan əvvəl keçirilən seçimlər zamanı bəzi vətəndaşlar otaq sayı və ödəniş üsulu ilə bağlı yanlış seçimlər ediblər. Tətbiq olunan yeniliklər isə vətəndaşlara seçim prosesini daha rahat və dəqiq həyata keçirməyə, bununla da mənzil seçmək şanslarını artırmağa imkan verəcək.

Gözləmə qaydasında mənzil seçimi zamanı da vətəndaşlar əvvəlcədən mənzillərin statuslarını görə biləcəklər. Beləliklə, gözləmə qaydasında seçim zamanı vətəndaş 1-ci və ya 2-ci sırada seçilməyən mənzillər barədə əvvəlcədən məlumat əldə edə biləcək. Bu da gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılmasına və vətəndaşların xidmətdən daha çevik və səmərəli istifadə etməsinə şərait yaradacaq.

Növbəti yenilik “Seçimlər” mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra isə layihəyə uyğun ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrıca yeni səhifədə yerləşdiriləcək.

Daha bir yenilik mənzil seçildikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq vətəndaşdan mənzili seçdikdən sonra elektron kabinet vasitəsilə ərizəsini imzalayıb təqdim etməsi tələb olunmayacaq. Belə ki, “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilən mənzil seçimi zamanı vətəndaş “Təsdiq et” düyməsini sıxdıqdan dərhal sonra “ərizəçi” statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını alaraq prosesin daha sürətli və operativ həyata keçirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun yeni bölmə də yaradılıb. Vətəndaşlar mida.gov.az internet səhifəsində “Mənzillər” bölməsinə, “Güzəştli mənzil” sistemində isə “Demo satış” bölməsinə keçid etməklə satışa çıxarılan bütün mənzillər, həmçinin mənzillərin axtarış üsulları barədə ətraflı məlumat əldə edə bilərlər.

Bildirilib ki, “Güzəştli mənzil” sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışı “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

Mənzillərin satışı həm ipoteka kreditindən istifadə edilməklə, həm də şəxsi vəsait hesabına ödəniş yolu ilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR