Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın hava limanları 1,85 mln. sərnişinə xidmət göstərib ki, bunun da 1,57 mln. nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 10 min sərnişin və ya 0,6% çoxdur.
“APA-Economics”in “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən verdiyi məlumata görə, göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” tərəfindən müvafiq olaraq 649 min və 177 min sərnişin daşınıb.
Bakının hava limanın beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 mln. təşkil edib ki, bunun da 32,2%-i AZAL-ın, 13%-i “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8% təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.
Hazırda 27 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən – Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.