Cari il ərzində köhnə “Elektron hökumət” portalının (e-gov.az) fəaliyyəti tamamilə “myGov” (my.gov.az) üzərinə keçiriləcək. Bunu “APA-Economics”ə “ASAN xidmət”in Elektron Hökumətin İnkişaf Mərkəzindən deyiblər.
Mərkəzdən bildirilib ki, söhbət “şəxsi kabinet” əsaslı yeni elektron hökumət quruculuğundan gedir ki, bu da cari ildə qarşıda duran əsas hədəflərdən biridir.
“Əsas prioritetlərdən biri “myGov”un əhatə dairəsini genişləndirməkdir. Hazırda bu portalda 19 xidmət mövcuddur ki, onlardan 3-ü hüquqi nəticə alan xidmətlərdir. Söhbət “Doğumun qeydə alınması”, “ Nikahın qeydə alınması” və “Avtonəqliyyat vasitələrinin etibarnaməni təqdim edilməsi” xidmətlərindən gedir ki, bu xidmətlər ilkin versiyada artıq təqdim olunub və təkmilləşdirilir”, - deyə Mərkəzdən qeyd ediblər.
Mərkəz həmçinin gələcəkdə bir sıra layihələrdə “blockchain” texnologiyasının da tətbiq edilməsini istisna etmir.
“Hazırda bu istiqamətdə araşdırmalar aparılır. “Blockchain”in tətbiq ediləcəyi layihə artıq seçilib və bu texnologiyanın praktiki tətbiqinə nəticələr təsdiq olunandan sonra başlanılacaq”, - deyə Mərkəzdən bildirilib.