Media nümayəndələri bu gün Ağdamda Xaçınçay su anbarında görülən işlərlə tanış olduqdan sonra Tərtər rayonu ərazisindəki "Suqovuşan” su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası obyektində olublar.
APA-nın xəbərinə görə, media nümayəndələrinə burada aparılan bərpa-tikinti işləri barədə məlumat verilib. Qeyd olunub ki, bərpa-tikinti işləri çərçivəsində 5,2 km uzunluğunda magistral kanalın dibinin ağac və kol-kosdan təmizlənərək dib və yamaclarının yenidən bütünlüklə betonla üzlənməsi nəzərə alınıb.
Suqovuşan su anbarı bəndinin beton üzlüyü betonla üzlənəcək, bəndin üstündə yol və səkilər yenidən qurulacaq. Bəndin üzərindəki qurğuların xarab olmuş beton üzlükləri qaşınaraq bütövlükdə yenidən betonla üzlənəcək. Qülləli su qəbuledici başlığın və suaşıranın hidromexaniki və hidravliki avadanlıqları təmir olunaraq yenilənəcək.
Suqovuşan su anbarında yeni inzibati binanın və təmir emalatxanasının tikintisi də nəzərdə tutulub.
Qeyd edək ki, Suqovuşan su anbarı 1975-ci ildə tikilərək istismara verilib.