“Biz ilk dəfə olaraq coğrafi informasiya sisteminin məlumatları əsasında Ermənistanın ərazi yüksəklik modelini qurmuşuq. Yəqin ki, bu heç Ermənistanın özündə də yoxdur”.
"APA-Economics" xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Vüsal Qasımlı bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi üçün 45 km yol təklif edir: “Ermənistan nə təklif edir? Təklif etdikləri həmin yollar Göyçə gölünün ətrafından keçməlidir. 45 km əvəzinə 500 km-ə qədər yol yük daşınması üçün nə dərəcədə səmərəli ola bilər? Avropa və Çin bu yollarla yük daşınmasında nə dərəcədə maraqlı olar? Mərkəzin hazırladığı Ermənistanın ərazi yüksəklik modeli əsasında müəyyən etmək olur ki, Ermənistanın təklif etdiyi yollar çox sərt relyefdən keçir və bu yolların heç biri qış mövsümündə işlək olmayacaq. Biz ərazi yüksəklik modelini müvafiq dövlət qurumlarına da təqdim edəcəyik".