Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivləri yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçiblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.
İnfrastruktur Departamentinin kollektivləri tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, elektrik təchizatı, işarəvermə və rabitə qurğularına gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir. Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının sanitariya durumu, soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və “Ekspres” tipli qatarlarda yolboyu sərnişinlərə mədəni xidmət göstərilir. Eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.