Bakı. Aynur Əliyeva – APA-Economics. ABŞ-ın peyk operatoru “İntelsat” şirkəti orbitdəki 45 dərəcədəki mövqeyinə “Azerspace 2” peykinin buraxılmasına dair ilkin razılıq verib. Bundan başqa, ABŞ-in İnkişaf Agentliyindən cəlb olunmuş 730 min dollar məbləğində qrant hesabına seçilmiş 12 ekspert tərəfindən “Azerspace 2” peykinin dizaynı və texniki iqtisadi əsaslandırma sənədləri hazırlanaraq “Azərkosmos”a təqdim edilib.
“APA-Economics”in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev çıxışı zamanı bildirib.
O, deyib ki, qeyd edilənlər əsas verir ki, dünyada peyk şəbəkəsi və orbital mövqeyi olan operatorlar ilə danışıqlar aparaq.
“Nəticədə 55 peyki ilə dünyanın ən böyük peyk operatoru olan “İntelsat” şirkəti ilə onların 45 dərəcədə olan mövqeyinə “Azerspace 2” peykinin buraxılması üzrə ilkin razılıq əldə etmişik. Bu ilin sonuna qədər bununla bağlı müqavilənin imzalanması nəzərdə tutulur. Bu da bizə ilin sonuna qədər tenderi elan etməyimizə imkan verir”, - deyə R. Nəbiyev qeyd edib.