Bakı. Aynur Əliyeva - APA-Economics. “Sədərək bazarının daxili avtomobil yolunun “Azəryolservis” ASC-yə heç bir aidiyyəti yoxdur. Bəzi mətbuat orqanlarında bununla bağlı yazılan bütün yazılanlar da cəfəngiyatdan başqa bir şey deyil”.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bəzi KİV-də Bakı Dairəvi Avtomobil yolunun pul qazanmaq məqsədilə qəsdən bağlandığı iddia edilən yazılara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qeyd edilən yolun bağlanmasında məqsəd yolda qrafikə uyğun təmir işlərinin aparılmasıdır: “Yolların istismarı prosesində xidmət müddətləri və təmirlərarası müddət anlayışı var. Orada avtomobil yolunun neçə ildən bir təmir olunmalı olduğu göstərilib. Məsələn, 4-5 ildən bir yol geyiminin aşınma qatı götürülüb yenidən vurula bilər. Amma intensivlik artıqda, bu müddət aşağı düşə və 3 il ola bilər. Nəzərə alsaq ki, Bakı Dairəvi Avtomobil yolu cənub-qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin şimal və əks istiqamətdə Bakı şəhərinə daxil olmadan hərəkətini təmin edir, burdan da minik avtomobilləri ilə yanaşı, sutka ərzində çoxlu sayda ağır yüklü nəqliyyat vasitələri keçir. Yol elə bir mühəndis qurğusudur ki, vaxtlı-vaxtında qulluq edilməsə, daha böyük fəsadlara gətirib çıxarır. İstər avtomobil yolu olsun, istərsə də istənilən mühəndis qurğusu aşınmaya məruz qalır. Qeyd edim ki, aşınma norması deyilən anlayış var. Məsələn, avtomobil yolunun istismar müddəti 15 ilə hesablanıb. Bir il ərzində o yola xərclənən vəsaitin on beşdə biri qədər vəsait xərclənməlidir. Ancaq neçə ildir Bakı Dairəvi Yolu başa çatıb, orada heç bir təmir işi aparmamışıq. Bunların hamısı qrafikə uyğun işlərdir. Güman edirəm ki, yaxın aylarda biz işi yekunlaşdıracağıq”.
P.Mürsəliyev qeyd edib ki, Bakı Dairəvi Avtomobil yolunda avtomobillərin hərəkətini qismən məhdudlaşdırmaqla təmir prosesini aparmağa çalışıblar: “Amma bəzi səriştəsiz, məsuliyyətsiz sürücülər avtomobilləri normal idarə etmədiyi üçün müəyyən nöqsanlar yarandı. Bunu nəzərə alaraq, biz yolu bağlamaq məcburiyyətində qaldıq. Alternativ yolla Xocasən-Lökbatan yolu ilə hərəkət etmək olar. Sakinlər həmin yolda toz olması ilə bağlı şikayət etdilər. Podratçı şirkətə tapşırıq verildi ki, yola su səpilsin. Bir sözlə, kim istəsə, 50 qəpik ödəməklə Sədərək bazarının daxili yolu ilə gedə və ya alternativ yoldan istifadə edə bilər. Məqsədimiz yolda qrafikə uyğun təmir işlərini aparmaqdır”.