Bakı – APA-Economics. İyulun 3-dən etibarən “Huawei Technologies” Azərbaycandakı rəsmi distributoru olan “Mobitel” şirkəti ilə birlikdə planşetlərin və smartfonların yeni modellərinin satışına başlayıb.
“Mobitel”dən “APA-Economics”ə verilən məlumata görə, telekommunikasiya həlləri üzrə dünya lideri “Huawei Technologies” mobil telefonların satış həcminə görə də dünyada ən böyük 3 şirkətdən biridir.
Satışa çıxarılan məhsulların innovativliyinə, texniki göstəricilərinə, istifadədə rahatlığına, qiymətinə və keyfiyyət göstəricilərinə görə alıcıların məmnunluğuna səbəb olacağına inanan şirkət, yaxın gələcəkdə yeni məhsulu olan “Ascend P6” modelini də Azərbaycana gətirməyi planlaşdırır.
“Huawei”in MediaPad planşetləri 3 model ilə satışa təqdim ediləcək. 3G 42 Mbps dəstəkli MediaPad 10 FHD modelini 425 manata əldə etmək mümkün olacaq. 10 düyümlük planşet FULL HD dəstəklidir. Planşet Google Android 4.0 (Ice Cream Sandwich) əməliyyat sistemi və 1.2 GHz-lıq Quad-core Cortex-A9 prosessoru ilə təchiz olunub. Planşetin daxili yaddaşı 8, 16, 32 və 64 GB-dək olur; eyni zamanda 32 GB-dək microSD kartlardan istifadə etmək olar.
Digər Planşet modeli isə MediaPad 10 Link-dir. Növbəti 10 düyümlük planşetin satış qiyməti isə 345 manatdır. HD & Full-view-angle Display-ə malik planşetin əməliyyat sistemi Android, v4.0 (Ice Cream Sandwich)-dir və Jelly Bean şərti adlı v4.1-ə yüksəltmək mümkündür. MediaPad 10 FHD kimi 10 Link də eyni yaddaş imkanlarına malikdir.
MediaPad 7 Lite planşeti isə 7 düyümlük ekran ölçüsü ilə daha kompakt planşet sevənlər üçün nəzərdə tutulub. 3G dəstəkli planşeti 215 manata əldə etmək mümkündür. 8GB daxili yaddaşa malik planşeti microSD kartlardan istifadə edərək yaddaşını 32 GB-dək yüksəltmək olar. Android, v4.0.4 (Ice Cream Sandwich) əməliyyat sisteminə malik planşetin prosessoru 1.2 GHz Cortex-A8-dir.
“Huawei”in bazara çıxacaq yeni smartfonu Ascend Mate 420 manatdan alıcılarını gözləyəcək. 2 GB daxili yaddaşa malik smartfon microSD ilə 32 GB-a qədər yüksəltmək olar. 6.1 düyümlük ekran isə Gorilla Glass örtüyə malikdir. Android, v4.1 (Jelly Bean) əməliyyat sisteminə malik telefonun proqram interfeysi Huawei-ə “Emotion UI”dir. 8 MP, LED flash dəstəyi və avto focus kameraya malikdir.
“Huawei”in Honor 2 smartfonu da gələn ay bazara çıxanlar arasındadır. Android, v4.0.x (Ice Cream Sandwich) əməliyyat sistemi ilə gələcək telefonun qiyməti 290 manatdır. 4.5 düyümlük ekran 720 x 1280 həll olma əmsalına malikdir.
Ascend G510 modeli isə satışa iki rəngdə - ağ və qara olaraq təqdim edilir. 4.5 düyümlük telefon 165 manatdan satışa təqdim ediləcək. 4 GB daxili yaddaşa malik smartfonu digərlərində olduğu kimi microSD ilə 32 GB-a qədər yüksəltmək mümkündür. Android v4.1 (Jelly Bean) əməliyyat sisteminə malik telefonun prosessoru Qualcomm MSM8225 Snapdragon-dur.
Yeni modellər arasında ən ucuzu Ascend Y300 modeli 150 manatdan satışa təqdim ediləcək. Ağ və qara modelləri olacaq telefon 4 düyümlük ekrana malikdir. 4 GB daxili yaddaşı 32 GB-a qədər microSD vasitəsilə yüksətmək mümkündür.
Yuxarıda qeyd olunan bütün planşet və smartfonların ən böyük üstünlüyü Android mobil əməliyyat sistemi üzərində işləməsidir. Android, Linux əməliyyat sistemi əsaslı mobil və PDA-lar üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu əməliyyat sistemidir. Google və Open Handset Allience əməkdaşlığı ilə ərsəyə gəlib.