Bakı – APA-Economics. Mayın 28-29-da Moskva şəhərində “Tullantıların idarəolunması sistemləri və texniki həll yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.
“APA-Economics”in xəbərinə görə, dünyanın bir çox ölkələrindən tullantıların idarəolunması sahəsində ixtisaslaşmış mütəxəssislər və təhsil, tədqiqat müəssisələrindən olan peşəkarlar, bələdiyyə və hökumət qurumlarının nümayəndələri, texnologiya və avadanlıq istehsalçılarının iştirak etdiyi konfransda Azərbaycanın “Təmiz Şəhər” ASC təqdimatçı qismində çıxış edib.
“Təmiz Şəhər” ASC İdarə Heyətinin sədri Zakir İbrahimov konfransda “Balaxanı Sənaye Parkı - tullantıların azaldılması və resursların artırılması” mövzusunda təqdimatla çıxış edib. O, son illər ölkəmizdə “yaşıl iqtisadiyyat”, xüsusilə təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr sırasında Balaxanı Sənaye Parkının ən böyük addım olduğunu bildirib və təkrar emal sənayesinin dəstəklənməsi, ətraf mühitə təsirlərin azaldılması və təbii resurslardan qənaətlə istifadə edilməsində böyük irəliləyişə səbəb olacağını vurğulayıb. Qeyd olunub ki, bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq, ölkədə xammal idxalından asılılıq azalacaq. Azərbaycan hökumətinin “yaşıl biznes”i, o cümlədən təkrar emal sənayesini dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxaracaq ki, bu da ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı ilə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.
Bununla yanaşı, Azərbaycanda “yaşıl biznes”in inkişaf etdirməyin üstünlükləri, investisiya güzəştləri, hədəf sənayeləri, infrastruktur, eləcədə nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verilib və Balaxanı Sənaye Parkının coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırmağa imkan verdiyi vurğulanıb. Həmçinin potensial investorların parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsilə müraciət edə biləcəkləri qeyd olunub.
Təkrar emal müəssisələrini özündə birləşdirən və regionda ilk bu cür sənaye parkı olan Balaxanı Sənaye Parkının təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, “Təmiz Şəhər” ASC İdarə Heyətinin sədri Zakir İbrahimov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.