Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin yanğın baş vermiş ofisinin təmizlənməsinə başlayıb.
«APA-Economics»in şirkətə istinadən verdiyi məlumata görə, iyunun 27-də axşam saatlarında «Bakcell» şirkətinin ofislərindən birində yanğın hadisəsi baş verib. «Bakcell»in Həsən Əliyev küçəsi, 131 ünvanında çalışan əməkdaşları dərhal evakuasiya olunub və xəsarət alan olmayıb.
Şirkətin baş texniki direktoru Yigit Berktaşın sözlərinə görə, daxili prosedurlara uyğun olaraq yanğın baş verən kimi, təhlükəsizlik xidməti tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və 70-ə yaxın şirkət əməkdaşı bir neçə dəqiqə ərzində evakuasiya olunub: «Yanğın evakuasiya planlarına tam riayət olunaraq xəsarətlərin qarşısını almaq mümkün olub».
Yanğın binanın ikinci mərtəbəsində baş verib və yanğınsöndürənlər artıq bir neçə dəqiqədən sonra hadisə yerinə çataraq yanğının genişlənməsinin qarşısını alıb və yanğın söndürülüb. Hazırda hadisə yerində təmizlik işləri aparılır. Hadisə nəticəsində şirkətin Məlumat (zəng) Mərkəzinin yerləşdiyi ofisin təxminən 255 kvadrat metrlik sahəsi yanıb. Bu cür hallar üçün nəzərdə tutulmuş plan və prosedurlara müvafiq olaraq Məlumat Mərkəzi operativ sürətdə ehtiyat ofis binasına köçürülüb.
Yanğının digər sahələrə keçməsinə imkan verilməyib və ofisdə yerləşən əsas telekommunikasiya və şəbəkə avadanlıqlarına heç bir ciddi ziyan dəyməyib. Buna görə yanğının «Bakcell» müştərilərinə təsiri olmayıb, sahədə quraşdırılmış avadanlıq tam olaraq işlək vəziyyətdə saxlanılıb və plana uyğun olaraq qorunub. «Bakcell»in Məlumat Mərkəzinin personalı yalnız digər ofisə köçməsi zamanı qısa müddət ərzində zəngləri qəbul edə bilməyib. Yanğının günün ən sakit vaxtına təsadüf etməsi nəticəsində Məlumat Mərkəzinə həmin müddət daxil olmuş bütün zənglər «Bakcell»in IVR sistemi vasitəsilə qəbul olunub və Məlumat Mərkəzinin işi təxminən 70 dəqiqədən sonra tam bərpa edilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, yanğına səbəb avadanlığın sıradan çıxması olub. Hazırda hadisə ilə bağlı ətraflı araşdırma aparılır.
«Yanğından və dəymiş zərərdən təəssüflənməklə yanaşı, daxili prosedurlarımızın lazımi qaydada işləməsindən və hadisə nəticəsində heç kəsin xəsarət almaması faktından məmnunuq. Yanğın abunəçilərimizə və şəbəkəyə təsir etməyib və Məlumat Mərkəzinin işi əməkdaşlarımız tərəfindən dərhal bərpa olunub. Hər kəs öz işini mükəmməl şəkildə yerinə yetirib. Təcili reaksiya, peşəkarlıq, yanğının genişlənməsinin qarşısının alınması və tez bir zamanda söndürülməsinə görə Yanğından Mühafizə Xidmətinə dərin təşəkkürümüzü bildiririk. Həmçinin fövqəladə vəziyyət zamanı göstərdikləri diqqət və peşəkarlığa görə və müştərilərimizi düşünərək Məlumat Mərkəzinin işini təcili olaraq bərpa etdiklərinə görə «Bakcell» əməkdaşlarına təşəkkürümü bildirirəm. Təmizlik işlərinə bu gün başlanır və «Bakcell» şirkəti hər zaman olduğu kimi, öz müştərilərini Azərbaycanda ən mükəmməl rabitə xidmətləri ilə təmin etməyə davam edəcək», - deyə «Bakcell»in baş icraçı direktoru Riçard Şirer bildirib.