Bakı – APA-Economics. Dünən «Hyatt Regency» otelində «Cybernet» şirkətinin rebrendinqinə həsr olunmuş «Cybernet: İnformasiya texnologiyalarında müasir həllər və yeni tendensiyalar» adlı təqdimat mərasimi keçirilib. Tədbirdə İT sahəsində fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının mütəxəssisləri və əməkdaşları, kommersiya müəssisələrinin əməkdaşları, həmçinin şirkətin çoxsaylı müştəri və tərəfdaşlar bir araya gəliblər.
«APA-Economics»in məlumatına görə, təqdimat mərasimində «Cybernet» şirkətinin fəaliyyətindəki ən müasir istiqamətlərdən, o cümlədən mobil elektron imza sahəsində, dövlət və özəl sektorda İT ehtiyaclarını yüksək texnologiyalarının tətbiqi ilə həll edilməsinə yönəlmiş yeni metodlardan bəhs edilib.
Tədbirdə çıxış edən «Synergy Group»un İdarə Heyətinin sədri Kamran Abbasov şirkətin əməkdaşlarına gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb: «2013-cü ilin Azərbaycanda İKT ili elan olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «Cybernet» bu sahədə «Synergy Group»un uğur hekayəsidir. Məqsədimiz Azərbaycanın hüdudlarından kənarda, digər MDB ölkələri ilə uğurlu təcrübəmizi paylaşmaqdır. İnanıram ki, Tacikistanla başlayan bu təşəbbüsümüz tez bir zamanda öz bəhrəsini verəcək».
Təqdimat mərasimində daha sonra çıxış edən şirkətin daimi müştəri və tərəfdaşları, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin, «Oracle», «Best Solutions» şirkətlərinin nümayəndələri «Cybernet»lə uğurlu əməkdaşlıq təcrübəsindən söz açaraq, kollektivə müvəffəqiyyət arzulayıb və gələcəkdə şirkətin öz fəaliyyətini dünya standartlarına uyğun yeni texnologiya və müasir proqramların Azərbaycanda tətbiqi istiqamətində də uğurla davam edəcəyinə ümid etdiklərini söyləyiblər.
Qeyd edək ki, 2004-cü ildə təsis edilmiş «Cybernet» şirkəti həm dövlət, həm də özəl sektorda maliyyə, telekommunikasiya, iri və orta müəssisələrdə İT layihələrinin yaradılması, tətbiqi və inkişaf etdirilməsi üzrə Azərbaycanda ən iri şirkətlərdən biridir. 2011-ci ildən etibarən «Synergy Group» Holdinqinin tərkibinə daxildir. 2010-cu ildə təsis edilən «Synergy Group» ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. «Synergy Group» 22 müxtəlif inkişaf yönümlü şirkətlərdən ibarətdir. Qrupda ümumilikdə 900-dən çox müxtəlif profilli mütəxəssis çalışır.
«Cybernet»in Azərbaycanda və postsovet ölkələrindəki uğurunun zəmanəti onun proqram məhsullarını hazırlayan mütəxəssislərdən ibarət yüksək ixtisaslı işçi komandasının hazırlanmasına, sertifikatlaşdırılmasına və uzunmüddətli inkişafına yönəldilmiş kadr siyasətidir. Məhz bu xüsusiyyət «Cybernet» şirkəti üçün öz müştərilərinə onların istək və tələblərinə, fəaliyyət istiqamətlərinə uyğun bir sıra unikal proqram təminatı təklif etmək imkanı yaradır.
«Cybernet» şirkətində informasiya texnologiyaları və menecment sahəsində böyük təcrübəsi olan 100-dən artıq mütəxəssis cəmləşib. Kollektivin 30-dan artıq əməkdaşı onlara ən mürəkkəb biznes sistemlərini, həmçinin informasiya və telekommunikasiya sistemlərini hazırlamaq və idarə etmək hüququ verən beynəlxalq sertifikata sahibdir. «Synergy Group» konserninin strateji dəstəyi və digər biznes sahələrlə müştərək fəaliyyəti şirkət üçün məhsul və xidmətlər spektrini genişləndirmək və kompleks innovasiya layihələri sahəsində irəliləmək kimi yeni imkanlar yaradır.
«Cybernet»in həyata keçirdiyi ən məşhur layihələr arasında Azərbaycan Vergilər Nazirliyi üçün hazırlanmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və 20-dən artıq digər sistemlər, hüquqi şəxslər üçün Azərbaycanın bir sıra dövlət qurumlarını birləşdirən «Vahid pəncərə» prinsipi ilə işlənmiş qeydiyyat sistemi, dövlət orqanları arasında informasiya mübadiləsini təmin edən inteqrasiya sistemi, Dünya Bankının layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi üçün yaradılmış Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəçiliyi sistemi və s. layihələr var.