Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakıda «Mən azərbaycanlıyam» online bilik yarışmasının ilk qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən internet məkanda keçirilən bu yarışmanın məqsədi milli-mədəni irsin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir.
Yarışma oyunun rəsmi saytı www.azerbaycanliyam.az, «Facebook» sosial şəbəkəsində isə https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts ünvanına daxil olmaqla qoşulmaq mümkündür. Müsabiqəyə iyun ayının ilk 10 günlüyündə 5000-dək iştirakçı qoşulub. Yarışın şərtlərinə uyğun olaraq müsbət nəticələr göstərmiş ilk 10 nəfər ongünlüyün qalibi olub və netbuk tipli kompüterlər qazanıb. İlk yüzlüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara - 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar.
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qalibləri təbrik edib, bu yarışmanın gənclər arasında, eləcə də cəmiyyətdə maraqla qarşılandığını söyləyib: “Ümid edirəm ki, gündən-günə bu yarışmaya daha çox iştirakçılar qatılacaq və hər bir iştirakçı bu yarışmada yeni biliklər əldə edə biləcəklər. Qalib olanlar isə onların daha da inkişaf etmələrinə yardımçı ola biləcək kompüter avadanlıqları, mobil telefonlar, hətta pul mükafatları əldə edirlər. Super finalın qalibi İKT ixtisası üzrə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılmış “İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu” tərəfindən təhsil haqqının ödənilmə şansına malikdir”.
Tədbirin sonunda ilk ongünlüyün qaliblərinə hədiyyələr təqdim edilib və onlarla yarışmanın superfinalında uğurlu iştirak arzulanıb.
Mərasimdə qeyd olunub ki, yarışmanın 12 iyun tarixinə olan statistikası göstərir ki, ümumilikdə 5068 nəfər qeydiyyatdan keçib. Onlardan 4388 nəfər sayt, 680 nəfər isə “facebook” səhifəsindən oyuna qusulublar. Bunlardan 3431 nəfəri kişi (yarışma iştirakçılarının 68%), 1637 nəfəri isə qadınlardır (yarışma iştirakçılarının 32%).
Yarışma dekabr 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.