Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) rominq tariflərini 60% endirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni rominq tariflərinə uyğun olaraq, abunəçilərin rahatlığı üçün dünya ölkələri 5 coğrafi zonaya bölünərək «1 zona – 1 qiymət» hesablama sistemi təqdim olunub. Bununla da, müəyyən zona çərçivəsində abunəçinin seçdiyi mobil operatordan asılı olmayaraq sabit qiymətlə ünsiyyətdə olmaq imkanı yaranıb.
Bununla yanaşı, «Nar Mobile»ın yeni rominq tariflərinə uyğun olaraq, abunəçilər sabit bağlantı, avtomatik mobil operatorun seçimi və yüksək keyfiyyət, ölkədə və regionda eyni qiymət haqqında dərhal və pulsuz məlumat almaq imkanı, sadələşmiş tarif modeli kimi yeniliklərdən bəhrələnə biləcək: «Artıq, öncədən ödəniş tariflərinin abunəçiləri rouminq xidmətini aktivləşdirmək üçün Müştəri Xidmətləri mərkəzlərinə müraciət etməli deyil. Rouminqi aktivləşdirmək üçün *777#100#yes yığmaq kifayətdir».