Bakı – APA-Economics. «Təmiz Şəhər» ASC ictimaiyyət üçün məlumat turlarının keçirilməsini davam etdirir.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Təmiz Şəhər» cari ilin əvvəlindən etibarən Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turlarının təşkilinə başlayıb.
Tullantıların idarə olunması və bu sahədə yaradılmış infrastruktur kompleksləri ilə ictimaiyyətin məlumatlandırılması və ətraf mühitin mühafizəsinə məsuliyyətin artırılması məqsədilə keçirilən məlumat turlarına əhali tərəfindən böyük maraq göstərilir. İndiyədək turlarda 200-dən çox məktəbli, tələbə və müəllim iştirak edib.
«Sayca 6-cı olan növbəti məlumat turu mayın 24-də «Avropa Tələbələr Forumu-Sumqayıt» İctimai Birliyinin (AEGEE-Sumqayıt) üzvləri üçün keçirilib. Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına səfər edən qonaqlar tullantıların çeşidlənməsi və zərərsizləşdirilməsi prosesləri ilə tanış olub», - deyə ASC-dən bildirilib.
Əvvəlcə iştirakçılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olub və fəaliyyətini əks etdirən qısa filmi izləyiblər. Sonra idarəetmə otağında quraşdırılmış monitorlar vasitəsilə zavodda gedən proseslər nümayiş olunmuş və ətraflı şəkildə izah edilib. Zavodda tullantıların çeşidlənməsi prosesini izləyən tələbələri maraqlandıran suallar «Təmiz Şəhər»in nümayəndəsi tərəfindən cavablandırılıb.
İctimai Birliyin üzvləri sonra Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub, zavodun fəaliyyəti haqqında film izləyib və tullantıların yandırılaraq zərərsizləşdirilməsi və elektrik enerjisi alınması prosesi «Təmiz Şəhər» ASC və zavodun nümayəndələri tərəfindən onlara izah olunub və müzakirələr aparılıb. Daha sonra idarəetmə otağında şüşə arxasından və online-monitorlar vasitəsilə tullantıların yandırılması prosesi əyani şəkildə izlənilib.
Qeyd edək ki, «Təmiz Şəhər» tərəfindən tullantıların idarəolunması sahəsində ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə həyata keçirilən bu turlar mütəmadi olaraq davam etdiriləcək. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya (+994 12) 464-41-11 telefonu ilə əlaqə saxlaya bilərlər.