Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün «Azərbaycan Dəmir Yolları» QSC tərəfindən Hacıqabul-Muğan mənzilində 10 km yolun əsaslı təmirinə başlanılıb.
QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, «Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir: «İyunun 17-də dəmir yolunun Hacıqabul-Muğan mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək».
Əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin müəssisələri həyata keçirir. İşlərə 2010-cu ilin iyunun 10-da başlanılıb, bu günədək 241,5 km yol əsaslı təmir olunub. Paralel olaraq əsaslı təmir olunmuş mənzillərdə uzunölçülü relslərlə əvəzlənmə prosesi gedir və indiyə kimi 175 km yolda əvəzlənmə işləri başa çatıb.