Bank Of Baku

Abşeron yarımadasında 1 mln. nəfərin su təchizatı yaxşılaşacaq - FOTOSESSİYA

Abşeron yarımadasında 1 mln. nəfərin su təchizatı yaxşılaşacaq - <span style="color: red;">FOTOSESSİYA
# 31 may 2013 14:39 (UTC +04:00)

Bakı – APA-Economics. «Azərsu» ASC ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) birgə həyata keçirdiyi «Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması» layihəsinin icrasına başlanıb.

 

ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, mayın 31-də Kürdəxanı qəsəbəsində layihə üzrə keçirilən təməlqoyma mərasimində «Azərsu»nun sədri Qorxmaz Hüseynov, Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in, KOICA-nın Azərbaycan üzrə nümayəndəsi xanım Kim Eun Suk, Sabunçu rayon nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov qeyd edib ki, hazırda ölkənin 38 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kənddə layihələr icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrdə də içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir: «Kürdəxanıda Koreya tərəfi ilə birgə reallaşdıracağımız layihə qəsəbədə mövcud problemin həllinə kömək edəcək və gələn ilin sonunda qəsəbə sakinləri mərkəzləşmiş qaydada içməli su ilə təmin olunacaqlar. Növbəti mərhələdə su təchizatı və kanalizasiya sahəsində işlərin tam başa çatdırılması üçün layihələr həyata keçirəcəyik. Hazırda inşası davam etdirilən Ceyranbatan-Pirallahı magistral su xətti istismara verildikdən sonra Abşeron yarımadasının şərq hissəsində yerləşən qəsəbələr mərkəzləşmiş qaydada içməli su ilə təmin olunacaq, təqribən 1 milyon nəfərin su təchizatı yaxşılaşacaq».

 

KOICA–nın Azərbaycan üzrə nümayəndəsi xanım Kim Eun Suk layihə haqqında məlumat verərək bildirib ki, 2011-ci ilin oktyabrında Azərbaycan hökuməti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında layihənin maliyyələşdirilməsi üçün Qrant Sazişi imzalanıb: «Bu işlərin görülməsi üçün Koreya hökuməti 26,18 mln. ABŞ dolları məbləğində qrant ayırıb. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26 250 nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb».

 

Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in təmsil etdiyi ölkənin Azərbaycanda həyata keçirilən layihələrin icrasında yaxından iştirak edəcəyinə və dəstəyini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. Daha sonra layihə üzrə işlərin başlandığını bildirən ilk boru xəndəyə endirilib.

 

Layihəyə əsasən, qəsəbədə polietilen borularla 89,4 km uzunluğunda içməli su xətti çəkiləcək, 2 329 ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq, 417 yanğın hidrantı quraşdırılacaq. İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa  magistral xəttindən veriləcək. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4 000 kubmetr olan iki su anbarı tikiləcək, bu anbarlar hazırda inşa edilən Ceyranbatan-Balaxanı kəmərindən qidalanacaq. Layihə çərçivəsində 3,8 km uzunluğunda kanalizasiya kollektoru, 1,4 km uzunluğunda isə mikrotunelin inşası da nəzərdə tutulur. Tikinti işlərinin 2014-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

 

Bundan başqa, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq. Toplanacaq tullantı suları gələcəkdə Pirşağıda tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Məhsuldarlığı sutkada 40 min kubmetr olacaq qurğu da Koreya tərəfinin ayıracağı kredit hesabına inşa ediləcək.

 

Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin su təchizatı şəbəkəsi 1950-ci illərində yaradılıb, 1980-90-cı illərdə yenidənqurma və genişləndirmə işləri aparılıb. Qəsəbənin genişlənməsi və sakinlər tərəfindən fərdi şəkildə yaradılmış su şəbəkəsi normal su təchizatının həyata keçirilməsinə imkan vermir. Su şəbəkəsi olmayan ərazilərdə əhali quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. Qəsəbənin yalnız kiçik bir hissəsində kanalizasiya şəbəkəsi mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR