Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi «Elektron hökumət» portalının mobil versiyasını (www.e-gov.az/mini) təqdim edib.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, mobil versiya xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb ki, bu da baxış üçün rahatlığı və eyni zamanda internet-trafikə qənaəti nəzərdə tutur.
Saytın səhifələrində qeydiyyatdan keçmək, dövlət qurumlarının elektron xidmətləri ilə tanış olmaq, elektron imzanın alınması üçün müraciət etmək, statistik məlumatları və digər faydalı informasiyanı öyrənmək mümkündür.
Qeyd edək ki, «Elektron hökumət» – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan layihədir.