«APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.
Onun sözlərinə görə, hazırda proqram çərçivəsində digər işlər - enerji təsərrüfatının və rabitə-işarəvermə sisteminin yenilənməsi işləri də aparılır.
Sədr müavini bildirib ki, proqramın həyata keçirilməsi üçün Dünya Bankı tərəfindən 450 mln. dollar, Çexiya «Eximbank»ı tərəfindən 352 mln. dollar vəsait ayrılıb. İcrası 2014-cü ilin sonunadək yekunlaşacaq bu proqram çərçivəsində indiyədək vəsaitlərin 50%-i sərf edilib.
Q.Nəzirov qeyd edib ki, əsaslı təmir işləri nəticəsində yollarda buraxıla bilən sürət 140 km/saata çatdırılıb. Lakin hələlik bu imkandan istifadə olunmur və yollarda faktiki sürət 80 km/saatdır. Q.Nəzirovun sözlərinə görə, yolların əsaslı təmiri başa çatandan sonra burada sürət təqribən 2 dəfə artacaq. Nəticədə, Bakıdan Böyük Kəsiyə çatma müddəti indiki 10-12 saatdan 5-6 saata qədər azalacaq.
Həmçinin, dövlət proqramı çərçivəsində vaqon parkı da yenilənir – indiyədək 80 vaqon təmirə göndərilib, daha 25 yeni vaqonun alınması gözlənilir. Yeni vaqonlar Avropa və Rusiyadan alına bilər. Onlar istənilən xətdə istifadə oluna bilər – ilk qatarlar Bakı-Tbilisi-Qars layihəsində istifadə ediləcək.