Bakı - APA-Economics. Qırğızıstanın Bişkek şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sessiyası keçirilib.
“APA-Economics”in xəbərinə görə, sessiyada BMT AİK-ə 56 üzv dövlətin açıq səsverməsi yolu ilə keçirilən seçkilər nəticəsində Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi AİK Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupunun Bürosunun sədri seçilib.
Seçkilər nəticəsində İşçi Qrupu Bürosuna 11 dövlət (Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Gürcüstan, İrlandiya, İsveç, İtaliya, Hollandiya, Qırğızıstan və Yunanıstanın müvafiq dövlət qurumları) üzv seçilib.
Sessiyada BMT AİK-in Kommunal Məsələlər və Əmlakın İdarə Edilməsi Komitəsinin 74-cü sessiyası və 2013-cü ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan Nazirlərin Görüşünə hazırlıq məsələləri, İşçi Qrupunun 2011-2012-ci illərdə fəaliyyətinin qiymətləndirilməsi, İşçi Qrupu Bürosunun işi haqqında hesabat, İşçi Qrupunun 2012-2013-cü illər üçün İş Proqramı, İşçi Qrupunun 2014-2015-ci illər üçün İş Proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib.
Sessiyadan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yeni seçilmiş nümayəndəsinin sədrliyi ilə İşçi Qrupunun Dünya Bankı ilə birgə təşkil etdiyi “Mərkəzi Asiya regionunda əmlakın idarə edilməsi” mövzusunda seminarı keçirilib. Sessiya və seminarın işində üzv dövlətlərin aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, BMT-nin Beynəlxalq Kənd Təsərrüfatı Təşkilatı (FAO), “EuroGeographics” beynəlxalq assosiasiyası, Beynəlxalq Bank, Beynəlxalq Mərzçəkənlər Federasiyası (FIG), Avropa İttifaqının Daimi Kadastr Komitəsi (PCC), Avropa Daşınmaz Əmlak Xidməti (EULIS), USAID və digər beynəlxalq təşkilatların təmsilçiləri də iştirak ediblər.
Xatırladaq ki, AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun (DƏİİQ) 2011-ci ilin 30 iyun - 1 iyul tarixlərində Cenevrə şəhərində keçirilmiş 7-ci sessiyasında AİK-in üzv dövlətlərinin səsverməsi yolu ilə aparılmış seçkilərində DƏİİQ Bürosuna üzv seçilib. Büroya Azərbaycanla yanaşı, Avstriya, Böyük Britaniya, Danimarka, Gürcüstan, Xorvatiya, İtaliya, Hollandiya və Yunanıstanın da müvafiq qurumları üzv daxil ediliblər.
Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun başlıca məqsədi BMT Avropa İqtisadi Komissiyası regionunda daşınmaz əmlakın idarə olunması və idarəçiliyinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl təcrübənin təşviqindən ibarətdir. İşçi Qrupunun hədəfi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qorunması, regionda daşınmaz əmlakın kadastrı və qeydiyyatı, eləcə də daşınmaz əmlak bazarlarının inkişaf etdirilməsini ehtiva edir. İşçi Qrupu öz fəaliyyətini AİK regionundakı bütün ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsinə əsaslanaraq, üzv dövlətlərin ərazilərində seminar və işçi görüşlərin keçirilməsi, daşınmaz əmlak idarəçiliyi sistemlərinin araşdırılması, daşınmaz əmlakın idarə edilməsi sahəsində ölkələr üzrə profillərin (səciyyəvi məlumatların) hazırlanması, daşınmaz əmlakın idarə olunması və idarəçiliyi mövzularında tədqiqat işlərinin və təlimatların nəşri, AİK regionunda daşınmaz əmlak sistemlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və səmərəlilik səviyyələrinin müqayisə edilməsi, daşınmaz əmlakın idarə olunması və idarəçiliyi üzrə ölkələr tərəfindən həyata keçirilən siyasətlərə dair tövsiyələrin bildirilməsi, bu işə ekspertlərin cəlb edilməsi, eləcə də aidiyyəti milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə həyata keçirir.