Bank Of Baku

Azərbaycan gömrük islahatları təcrübəsini Əfqanıstanla bölüşəcək - FOTO

Azərbaycan gömrük islahatları təcrübəsini Əfqanıstanla bölüşəcək - <span style="color: red;">FOTO
# 12 iyun 2013 13:55 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi və Əfqanıstan hökumətinin nümayəndə heyəti arasında görüş keçirilib.

 

DGK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə DGK sədri Aydın Əliyev Azərbaycanın Əfqanıstan ilə bütün sahələrdə, o cümlədən, iqtisadi münasibətlərin və gömrük əməkdaşlığının inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

 

Azərbaycanda gömrük xidmətinin inkişafının prioritetlərinə toxunan A.Əliyev qeyd edib ki, bu prioritetlərdən biri də informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqidir və 1999-cu ildə ölkənin gömrük sistemində İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlayıb. Belə ki, Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılmasına dair uğurla həyata keçirilmiş layihə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında “Elektron hökumət”in tətbiq edilməsi baxımından ilk birgə layihə olub. Bunun nəticəsi olaraq gömrük rəsmiləşdirilməsi sahəsində vahid avtomatlaşdırılmış informasiya sistemi yaradılıb və işə salınıb. Növbəti mərhələdə tərəflər gömrük xidmətinin müasirləşdirilməsi üzərində işləyib və iki mərhələli bu proqrama Avropa İttifaqı dəstək verib. Nəticədə Azərbaycanın Avropa İttifaqının qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə uyğun yeni Gömrük Məcəlləsi yaradılıb və qüvvəyə minib. Növbəti mərhələdə isə gömrük məntəqələrində videomüşahidə kameraları, müvafiq avadanlıq və cihazların tətbiq edilməsi həyata keçirilib.

 

A.Əliyev onu da diqqətə çatdırıb ki, bu il iyunun  5-də BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında gömrük xidmətinin təkmilləşdirilməsi layihəsinin növbəti mərhələsinin icrasına dair müvafiq sənəd imzalanıb və layihənin məqsədi Azərbaycan Respublikasının gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarət etməkdən ibarətdir.

 

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə gömrük islahatlarının aparılması təcrübəsini əfqanıstanlı həmkarları ilə bölüşdüyünü DGK sədri A.Əliyev  Azərbaycan gömrükçülərindən ibarət nümayəndə heyətinin bu ilin fevralında Əfqanıstana səfərini də xatırladıb və iki ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sferasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

 

Əfqanıstan hökumətinin nümayəndə heyətinin rəhbəri, rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangin ətraflı məlumata görə minnətdarlıq edərək, iki ölkə arasında əlaqələrin mövcud vəziyyətindən, əməkdaşlığın perspektivlərindən söhbət açıb və ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Qonaq Əfqanıstanda dövlət quruculuğu prosesinin uğurla davam etdirildiyini və ölkəsinin bu yolda üzləşdiyi problemləri öz dostlarının köməyilə həll etməyə çalışdığını söyləyib.

 

Ə.Sangin Əfqanıstanda İKT sektorunun inkişaf təməlinin on il əvvəl qoyulduğunu diqqətə çatdıraraq bu sahədə bir sıra uğurlar əldə edildiyini, lakin hələ də problemlərin mövcud olduğunu və bu problemlərin həllində beynəlxalq əməkdaşlığa, o cümlədən Azərbaycanın təcrübəsinin öyrənilməsinə önəm verdiklərini bildirib. Bu işdə dost və qardaş köməyinə görə təşəkkürünü bildirən nazir Əfqanıstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.

 

Sonra DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev Azərbaycan Gömrük Xidmətində tətbiq olunan “bir pəncərə” prinsipi ilə bağlı təqdimatla çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR