Bank Of Baku

Azərbaycan Ümumdünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilib - FOTO

Azərbaycan Ümumdünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilib - <span style="color: red;">FOTO
# 02 iyul 2013 12:16 (UTC +04:00)

Bakı – APA-Economics. İyunun 27-29-da Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası keçirilib.

 

DGK mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

 

İyunun 26-da Azərbaycan nümayəndə heyəti Rusiya, Uruqvay, Braziliya, Qazaxıstan, Moldova, Ukrayna və bir sıra dövlətlərin gömrük xidmətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, görüşlərdə əsasən sessiyanın gündəliyi, eləcə də bu ali quruma keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılıb.

 

Sessiyadan öncə Azərbaycan, Avropa İttifaqı, Rusiya Federasiyası və İrlandiya gömrük xidmətlərinin rəhbərlərinin birgə görüşü gerçəkləşib, görüşdə ÜGT sədrinin Avropa region üzrə müavini vəzifəsinə keçiriləcək seçkilərlə bağlı fikir mübadiləsi aparılıb.

 

İyunun 27-də Gömrük Əməkdaşlıq Şurasının sessiyası öz işinə başlayıb. ÜGT-nin baş katibi Kunio Mikuriya sessiyada hesabat məruzəsi ilə çıxış edib, ötən bir ildə ÜGT-nin fəaliyyəti, görülmüş işlər, eləcə də ən önəmli tədbirlər barədə məlumat verilib, hesabatla bağlı müzakirələr aparılıb.

 

Sonra sessiyada regionlar üzrə aparılan məsləhətləşmələr çərçivəsində 51 ölkəni özündə birləşdirən Avropa regionu üzrə keçirilən görüş öz aktuallığı və prinsipiallığı ilə daha yaddaqalan olub. ÜGT-nin Siyasi Komissiyasına, Maliyyə və Audit komitələrinə, eləcə də baş katib vəzifəsinə seçkilər mübahisəsiz olaraq qısa müzakirələrlə yekunlaşıb, lakin ÜGT sədrinin müavini vəzifəsinə namizədlərlə bağlı məsələ daha geniş müzakirələrə rəvac verib. Belə ki, ÜGT sədrinin Avropa region üzrə müavini vəzifəsinə üç namizəd irəli sürülüb. Bunlardan birincisi artıq iki ildir bu postda qərarlaşan Norveç Gömrük Xidməti, ikinci MDB üzv ölkələrin və Türkiyə Respublikasının namizədi olan Azərbaycan Gömrük Xidməti, üçüncü isə Avropa İttifaqının namizədi olub. Müzakirələr zamanı çıxış edən DGK sədri Aydın Əliyev bildirib ki, ÜGT-nin 1995-ci ilin iyun ayında keçirilən 85/86-cı sessiyasında qəbul olunmuş 282 saylı qərarına əsasən ÜGT-nin sədr müavini bir il müddətinə seçilə bilər, yalnız bir dəfə istisna olaraq bu müddətin daha bir il uzadılması mümkündür. Məhz buna görə Norveç Gömrük Xidmətinin namizədliyinin irəli sürülməsi yolverilməzdir və bu, ÜGT sessiyasının qərarına ziddir. Azərbaycanın namizədliyinə gəlincə, A.Əliyev qeyd edib ki, MDB Gömrük Xidmətləri rəhbərlərinin iclasında Azərbaycanın bu vəzifəyə namizədliyi dəstəklənib, Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşdə isə bu istiqamətdə razılıq əldə olunub.

 

Sonra çıxış edən Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Antonis Kastrissianakis da Azərbaycan Gömrük Xidmətinin bu vəzifəyə namizədliyini birmənalı olaraq dəstəkləyib, Azərbaycan tərəfinin də gələcək illərdə Avropa İttifaqının namizədliyini imkan daxilində dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

 

İyunun 28-də sessiya öz işini siyasi məsələlərin müzakirəsi ilə davam etdirib, sonra texniki məsələlərin müzakirəsinə başlanıb.

 

İyunun 29-da bir sıra ikitərəfli sazişlərin imzalanması və bəzi ölkələrin beynəlxalq konvensiyalara qoşulması məsələlərinin müzakirəsi ilə davam edən sessiyada daha sonra seçkilər keçirilib. İlk olaraq ÜGT Siyasi Komissiyasına, Maliyyə və Audit komitələrinə namizədlər təsdiqlənib. Sonra ÜGT sədrinin müavinləri vəzifəsinə seçkilər keçirilib. Fərəhli haldır ki, Azərbaycanın gömrük xidməti 2013-2014-cü illər üçün Ümumdünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilib. Amerika və Karib ölkələri regionu üzrə Uruqvay, Qərbi və Mərkəzi Afrika ölkələri üzrə Nigeriya, Şərqi və Cənubi Afrika ölkələri üzrə Malavi, Şimali Afrika, Yaxın və Orta Şərq ölkələri üzrə Mərakeş, Asiya və Sakit Okean hövzəsi ölkələri üzrə Avstraliya da ÜGT sədrinin müavinləri vəzifəsinə təsdiqləniblər. ÜGT Baş katibi vəzifəsinə yeganə namizəd olaraq yenidən Kunio Mikuriya, ÜGT sədri postuna isə xanım Josefin Fihili seçilib.

 

Nəhayət, sessiyanın sonunda qərara alınıb ki, növbəti sessiya Brüssel şəhərində, Siyasi Komissiyanın iclası isə İrlandiyanın Dublin şəhərində keçirilsin.

 

Xatırladaq ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra dövlətlərlə - Qabon, Toqo, Seneqal, Mozambik və bir sıra dövlətlərin gömrük xidmətlərinin rəhbərləri ilə görüşlər keçirib, səmimilik şəraitində gerçəkləşən görüşlərdə yuxarıda qeyd olunan ölkələrin rəsmiləri kadr potensialının gücləndirilməsi, gömrük sistemində İKT-nin, o cümlədən Vahid Pəncərə prinsipinin tətbiqi, kinoloji xidmət itlərinin təlimi və s. sahələrdə kifayət qədər uğurlar əldə etmiş Azərbaycan gömrük xidmətinin təcrübəsindən yararlanmaq istəklərini bildiriblər. Azərbaycan tərəfi isə öz növbəsində qarşılıqlı əməkdaşlığa hər zaman müsbət yanaşıldığını vurğulayıb, təcrübələrini həmkarları ilə bölüşməyə hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR