Bakı – APA-Economics. Türkiyəyə səfər çərçivəsində İstanbulda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutu (UME) arasında anlaşma memorandumu imzalanıb. Sənədi Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov və TÜBİTAK-ın Milli Metrologiya İnstitutunun direktoru vəzifəsini icra edən Fatih Üstüner imzalayıblar.
Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, memoranduma əsasən, iki ölkənin müvafiq qurumları metrologiya sahəsində elmi və texniki əməkdaşlığı davam etdirmək məqsədilə bu sahədə normativ-texniki sənədlərin hazırlanması, metrologiya sahəsində elmi-texniki bilik mübadiləsi və elmi-texniki imkanların genişləndirilməsi, fiziki kəmiyyətlərin milli (dövlət) etalonlarının inkişafı, təkmilləşdirilməsi və tutuşdurmaları üzrə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcək.
Türkiyəyə səfər çərçivəsində həmçinin Dövlət Metrologiya Xidmətinin Bakı şəhərində tikilməkdə olan yeni inzibati-laboratoriya binasının tikinti layihəsinin UME tərəfindən metroloji ekspertizasının aparılması ilə bağlı razılıq əldə olunub. Dövlət Metrologiya Xidmətinin nümayəndələri UME-nin etalon laboratoriyaları ilə də yaxından tanış olublar.