Bank Of Baku

Azərbaycana gətirilən ərzaq, dərman və tikinti materiallarının radioaktivliyi yoxlanacaq

Azərbaycana gətirilən ərzaq, dərman və tikinti materiallarının radioaktivliyi yoxlanacaq
# 24 may 2013 11:59 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu yoxlamalar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində yaradılan və yaxın vaxtlarda fəaliyyətə başlayacaq spektrometrik laboratoriyada aparılacaq.

 

Komitənin nəzdindəki Dozimetrik Etalonlar Laboratoriyasının müdiri Elmir Şahverdiyev bildirib ki, ilin sonunadək ölkədə tikinti materialları və qida məhsullarının radionuklid tərkibinin öyrənilməsi üçün spektrometrik laboratoriyanın fəaliyyətə başlaması nəzərdə tutulur.

 

Yeni laboratoriya işə başlayandan sonra burada ölkəyə gətirilən bütün tikinti materiallarının nümunələrinin nuklid tərkibi (radiasiyalı olub-olmadığı) yoxlanacaq. Standartlara uyğun gələrsə, bu məhsulların satışına icazə veriləcək, əks halda onların idxalına qadağa qoyulacaq, ya da məhv ediləcək.

 

Mütəxəssislər belə laboratoriyanın yaradılmasının mühüm olduğunu bildirirlər: «Çünki bir tərəfdə Ermənistan, digər tərəfdə İran var. Biz burada tranzit ölkə rolunu oynaya bilərik».

 

Məsələn, İran şəhərlərinin birində radioaktiv fon yüksək səviyyədədir: «Oradan gətirilən bütün tikinti materialları – bura kafel-metlax, farfordan hazırlanan avadanlıqlar, o cümlədən, unitazlar və s. aiddir – bunların hamısının radio-nuklid tərkibi öyrənilməlidir ki, insan sağlamlığına ziyan gətirməsin». 

 

Yoxlamalar ərzaq məhsullarına da şamil ediləcək: «Məsələn, Yaponiyada, Fukusimada baş verən partlayışdan sonra oradakı bütün su dənizə axıdılırdı. Həmin sularda üzən balıqlar isə qida məqsədilə ovlanır və Azərbaycana da satışa gətirilir. Biz onların da tərkibində radiasiyanın olub-olmadığını müəyyən etməliyik. Bu mənada yeni laboratoriya insan sağlamlığının qorunması baxımından çox mühümdür».

 

İndiyədək aparılan araşdırmalar ölkəyə xaricdən gətirilən kütləvi istehlak mallarında radioaktivliyin olduğunu göstərib: «Məsələn, bir neçə il bundan əvvəl İrandan Azərbaycana qazla işləyən lampalar gətirilirdi. Həmin lampalarda yanmayan parçadan istifadə olunurdu. Araşdırmalar göstərmişdi ki, bu yanmayan parçanın tərkibinə radioaktiv maddə olan torium hopdurulub. Təbii ki, qaz alışanda həmin parçanın tərkibindəki radioaktiv materiallar aktivləşir və ətrafa şüalar yaymağa başlayır. Sonradan həmin lampaların idxalı dayandırılıb».

 

E.Şahverdiyev bildirib ki, ümumiyyətlə əhaliyə satılan bütün məhsulların radio-nuklid tərkibi öyrəniləcək: «Məsələn, əvvəllər yod zavodunun ətrafında böyük miqdarda yod toplanmışdı və ətrafda yaşayan insanlar buradakı kömürdən istifadə edirdilər. Eləcə də bəziləri burada kərpic bişirirdi və bu kərpiclərdən ev tikintisində də istifadə olunub. Hazırda bu zavodlar fəaliyyət göstərmir, bu tullantılar isə buradan götürülərək konservləşdirilib».

 

Laboratoriya müdiri «Baku Steel Company»də də radiasiyanı qeydə alan cihazların olmasını vacib sayır: «Çünki bura Azərbaycanın bütün bölgələrindən dəmir qırıntıları gətirilir və burada əridilir. Hər hansı armaturun və ya şvellerin tərkibində hər hansı radioaktiv maddə olduqda isə o uzun müddət mənzillərdə insanları şüalandıracaq. Başqa sözlə, şüalanmanın dozası yol verilən həddən yüksək olacaq».

 

Şüalanmanın qan azlığı və digər xəstəliklərin yaranmasına səbəb olduğunu deyən mütəxəssis son vaxtlar belə xəstəliklərin çox yayıldığını qeyd edib.

 

Bu laboratoriya üçün avadanlıqların alınması üçün ABŞ şirkətləri ilə müqavilələrin imzalanması gözlənilir: «Onlardan «qamma» və «beta» spektrometrik qurğusu alınacaq. 2014-2015-ci illərdə isə MAQATE tərəfindən texniki yardım kimi «alfa» qurğusu təqdim ediləcək». «Alfa» qurğusu işə düşəndən sonra Azərbaycana gətirilən dərman preparatlarının də radioaktivliyinin yoxlanmasına başlanacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR