Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda inşaat işlərinin həyata keçirilməsi üçün bu ilin yanvar-avqust ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 10,4 mlrd. manat məbləğində vəsait yönəldilib, onun 6,9 mlrd. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istifadə edilmiş kapital qoyuluşunun 74,8%-ni, yaxud 7,8 mlrd. manatını daxili investisiyalar, 2,6 mlrd. manatını xarici investisiyalar təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala vəsait qoyuluşu 22,7%, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 35,4% artıb.
Tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7 092,8 mln. manat məbləğində vəsaitin 4 672,9 mln. manatından istifadə edilib.