Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda daşınmaz əmlakın qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı bir sıra yeniliklər gözlənilir.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.
Onun sözlərinə görə, Dünya Bankının dəstəyi ilə Azərbaycanda qeydiyyat sisteminin təkmilləşdirilməsi proqramı həyata keçirilir: “Bu proqramda Azərbaycanda daşınmaz əmlak idarəçilik sisteminin avtomatlaşdırılması, eyni zamanda elektron hökumətə keçidlə bağlı bütün daşınmaz əmlak idarəçilik sisteminin və daşınmaz əmlakın qeydiyyatı sisteminin elektron formata keçidi ilə bağlı bir sıra işlər aparılır”.
Komitə sədri deyib ki, bu işlər yaxın illərdə başa çatacaq. “Beləliklə, Azərbaycanda mövcud olan daşınmaz əmlakın qeydiyyatı sistemi tam elektron formada fəaliyyət göstərəcək. Bu da vətəndaşlara elektron formatda xidmətin göstərilməsi üçün hazırlanıb. Əsas məqsəd isə məmurla vətəndaş arasında münasibətlərin minimuma endirilməsindən, qeydiyyat sistemində şəffaflığın artırılmasından ibarətdir”, - deyə K. Həsənov bildirib.
O, qeyd edib ki, bu sistemin asanlaşdırılması məqsədi ilə avtomatlaşdırılmış informasiya sistemi mərkəzi tikilir: “Hazırda mərkəzin bazasının qurulması prosesi gedir. Gələn il bu mərkəzin tikintisini başa çatdıracağıq. Ölkədə mövcud olan daşınmaz əmlakla bağlı bütün məlumatlar bu mərkəzdə olacaq. Hətta əmlaklarla bağlı bütün məlumatlar canlı olaraq bu bazada toplanacaq”.
Komitə sədri vurğulayıb ki, bundan başqa Şamaxı şəhərində də avtomatlaşdırma idarəetmə sisteminin ehtiyat bazasının tikilir ki, onun da tikintisi gələn il başa çatacaq.