Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının ilk iclası keçirilib.
İclasın açılışında iştirak edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, ölkədə fəaliyyət göstərən ixtisaslaşmış fondlar sahibkarlığın və özəl sektorun inkişafına müsbət təsir göstərir və RİTN-in tabeliyində yaradılan fondun fəaliyyəti nəticəsində İKT sahəsi üzrə layihələrin və sahibkarların maliyyələşdirilməsi həyata keçiriləcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının müzakirəsinə üç sənəd təqdim edilib. Bu, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə banklar arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilə forması, Fond tərəfindən müvəkkil kredit təşkilatının seçilməsi meyarları, Fondun qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydalarının layihəsidir.
Müşahidə Şurasının üzvləri tərəfindən qeyd edilən sənədlərin vacibliyi vurğulanaraq sənədlərin təsdiq edilməsi üçün üzvlərin yekun rəylərinin hazırlanması tövsiyə olunub. Şura üzvlərinin iştirakı ilə keçirilən müzakirələr nəticəsində sənədlərin təsdiq edilməsi məsələsinə Müşahidə Şurasının növbəti iclasında baxılması qərara alınıb.
Tədbirdə Müşahidə Şurasının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Şuranın katibinin seçilməsi qərara alınıb. Səsvermə nəticəsində Müşahidə Şurasının katibinin səlahiyyətləri RİTN-in strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin məsləhətçisi Rauf Cabbarova həvalə edilib.
Sonda Fondun icraçı direktoru Elçin Zeynalov görülmüş işlər və gələcək planlar haqda iştirakçılara məlumat verib.